×
A
A
A
Sazlamalar

Professor Qərib Mürşüdov “Maşınöyrənmə üsullarının təbabətdə tətbiqi” mövzusunda seminar keçirib

Bakı, 7 aprel, AZƏRTAC

Böyük Britaniyanın Molekulyar Biologiya İnstitutunun və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyalarının rəhbəri professor Qərib Mürşüdovun “Maşınöyrənmə üsullarının təbabətdə tətbiqi” mövzusunda onlayn seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Seminarda AMEA-nın elmi-tədqiqat institutlarının, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elmi-tədqiqat və təhsil müəssisələrinin, eləcə də Azərbaycan Tibb Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova professor Qərib Mürşüdovun apardığı tədqiqatlar haqqında məlumat verib. O qeyd edib ki, Qərib Mürşüdovun rəhbərliyi ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəaliyyət göstərən Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasında dünya üçün prioritet sayılan problemlərin - kompüter biologiyası, maşınöyrənmə üsulları və süni intellektin tətbiqinə yönəlmiş kompleks tədqiqatlar aparılır. Müvafiq sahələrdə kadr hazırlığı üzrə də xeyli iş görülüb və görülür. 2021-ci ildə sözügedən laboratoriyanın böyük elmi işçisi Rəfiqə Məsməliyeva tərəfindən Azərbaycanda “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ilk dissertasiya müdafiəsi reallaşdırılıb.
Tanınmış alim Qərib Mürşüdov maşınöyrənmə üsulları, bu üsulların bioloji tədqiqatlarda tətbiqi ilə bağlı bu günə qədər icra olunan və ya davam edən layihələr, bu layihələrdə iştirak etmiş yerli kadrlar, mövcud resurs və imkanlar, perspektivlər və s. haqqında geniş məlumat verib.
Qərib Mürşüdov maşınöyrənmə üsullarının biologiya, fizika və s. üzrə tədqiqatlarda tətbiqi ilə bağlı məlumat verib, bu üsulların təbabətdə istifadəsi üçün də böyük imkanların olduğunu qeyd edib. Q.Mürşüdov qeyd edib ki, sözügedən layihələr Azərbaycanda ən müasir üsullarla tədqiqatların aparılmasının mümkünlüyünü sübut edir. Müvafiq sahələrdə azərbaycanlı müəlliflər tərəfindən artıq bir neçə məqalə nüfuzlu jurnallarda dərc edilib, bir neçəsi isə hazırlanır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş müəllimi texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova isə yüksək məhsuldar hesablamalar (HPC - High Performance Computing) və bu sahədə universitetin Kompüter Mərkəzində yaradılmış imkan və resurslardan danışıb, onlardan istifadə edilməsi ilə bağlı təkliflər verib.
Seminarda Qərib Mürşüdov və Nigar İsmayılova iştirakçıların suallarını cavablandırıblar. Seminarın mövzusu və məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Yığıncağa yekun vuran akademik İradə Hüseynova Azərbaycanda müvafiq elm sahəsinin və bu sahədə kadr hazırlığının inkişafının çox vacib olduğunu diqqətə çatdırıb, bu istiqamətdə çox iş görməyin lazım gəldiyini vurğulayıb və bütün maraqlı tərəfləri geniş əməkdaşlığa çağırıb.

Texnologiya 2022-04-07 17:35:00