×
A
A
A
Sazlamalar

Milli Federasiyaların “Rocket League” üzrə Avropa çempionatına qeydiyyatı başa çatıb

Bakı, 6 aprel, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində Milli Federasiyaların “Rocket League” üzrə Avropa Çempionatında iştirakla bağlı qeydiyyatı başa çatıb.
Məlumat üçün bildiririk ki, “TEKNOFEST Azərbaycan” Festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan da daxil olmaqla Avropanın 25 ölkəsindən kiber atletlər “Rocket League” və “Tekken” yarışları üzrə paytaxtımızda bir araya gələcəklər.
Sözügedən çempionat zamanı Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 27 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdə olacaq.
“Tekken” yarışması üzrə Azərbaycan, Bosniya və Herseqovina, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Litva, Lüksemburq, Makedoniya, Malta, Monako, Monteneqro, Niderland, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 25 kiber atlet mübarizəyə qoşulacaq.
“Rocket League” üzrə isə Azərbaycan, Gürcüstan, İsrail, Macarıstan, Lüksemburq, Monako, Monteneqro, Niderland, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək.
Xatırladaq ki, “Rocket League” üzrə Avropa çempionatına milli mərhələdə qeydiyyat prosesi davam etməkdədir. Yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları fərdi qaydada sözügedən tədbirdə iştirak edə bilərlər. Arzu edən şəxslər https://baku2022.azkif.az/ elektron səhifəsinə daxil olmaqla milli seçmə mərhələsi üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

İKT 2022-04-06 17:02:00