×
A
A
A
Sazlamalar

Şəhid pilotların xatirəsi yad edilib

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də Aprel döyüşləri zamanı qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İkinci Şəhidlər xiyabanında keçirilən tədbirdə nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları onların məzarlarını ziyarət edərək önünə əklil və gül dəstələri düzüb, xatirələrini anıblar.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qəhrəmanlıqlarından, tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasından danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Ordu 2022-04-02 14:55:00