×
A
A
A
Sazlamalar

UNEC təmsilçiləri Orta Doğu Texniki Universitetinin laboratoriyaları ilə tanış olublar

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Təranə Əliyeva və kompüter elmləri ixtisası üzrə I kurs magistrantı Elvin Cabbarlı qrant layihəsi çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dosent T.Əliyeva və E.Cabbarlı Orta Doğu Texniki Universitetinin Kompüter və təhsil texnologiyaları bölməsinin nəzdində fəaliyyət göstərən “İnsan-kompüter qarşılıqlı əlaqəsi” laboratoriyasında olublar. Onlar laboratoriyada interaktiv interfeyslərin yararlığının qiymətləndirilməsi üçün istifadə olunan göz izləmə cihazlarının quruluşu və iş prinsipləri, həmin cihazlar vasitəsilə aparılan tədqiqatların nəticələri ilə tanış olublar. Eyni zamanda, universitetin nəzdində yerləşən digər mərkəz və laboratoriyalarda olublar, kompüter mühəndisliyi bölməsinin təlim və seminarlarında iştirak ediblər.
Səfərin məqsədi UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasında insan-kompüter qarşılıqlı əlaqəsi istiqamətində tədqiqatlara başlanılması, bu fənni tədris edən müəllimlərin peşəkarlığının artırılması, sözügedən universitetdə çalışan mütəxəssislərlə müştərək tədqiqat işlərinin aparılması və magistr dissertasiyalarının yerinə yetirilməsi olub.
Xatırladaq ki, UNEC nümayəndələri Naxçıvan Universitetinin baş müəllimi Şamil Hümbətovun qalibi olduğu “İnsan-kompüter interfeysləri sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” adlı qrant layihəsi çərçivəsində Orta Doğu Texniki Universitetində olublar. Layihənin eksperti sahə üzrə dünyaşöhrətli alim, universitetin professoru Kürşat Çağıltaydır.
Üç moduldan ibarət bu layihənin məqsədi professor Kürşat Çağıltayın Türkiyənin bir çox ali məktəblərində əsas dərs vəsaiti kimi istifadə olunan “Teoriden Pratiğe. İnsan–Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının Azərbaycan dilinə uyğunlaşdırılması, 1000 nüsxədə yerli ali təhsil müəssislərinə hədiyyə olunması və müvafiq fənn proqramının hazırlanmasıdır.
Dosent Təranə Əliyevanın layihə ilə bağlı “Müasir çağırışlar: təhsil və meyillər” mövzusunda məqaləsi də dərc olunub.

Texnologiya 2022-04-02 11:51:00