×
A
A
A
Sazlamalar

Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır

Bakı, 2 aprel, AZƏRTAC
Kanada hökuməti Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tanıyır.
AZƏRTAC xəbər verir ki, bu fikir Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) Xocalı qətliamı ilə əlaqədar Kanada parlamentində təqdim etdiyi petisiyasına hökumətin cavabında yer alıb.
Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Kanada parlamentində Xocalı qətliamına dair təqdim edilmiş petisiyaya hökumətin cavabı bu ölkənin xarici işlər nazirinin parlament nümayəndəsi Rob Olifant tərəfindən imzalanıb.
Hökumətin cavabında bildirilir: “Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır və həyatını itirmiş qurbanların xatirəsini yad edir. Kanada Xocalı qətliamı kimi insan həyatının itirilməsi ilə nəticələnən faciənin təkrar olunmaması üçün davamlı olaraq öz səylərini göstərir. Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağ ilə əlaqədar qəbul edilmiş bütün qətnamələrini və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tanıyır. Kanada sərhədlərin demarkasiyası və delimitasiyası üçün ikitərəfli mexanizmlərin yaradılması və Ermənistan ilə Azərbaycan arasında regional kommunikasiya əlaqələrinin bərpa edilməsi kimi etimad quruculuğu tədbirlərinin görülməsi üçün liderlər səviyyəsində dialoqun davam etdirilməsini dəstəkləyir”.
Bundan əlavə vurğulanır ki, Kanada Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan tərəfləri ilə, eləcə də Kanadadakı yerli icma təşkilatları ilə daimi dialoqu davam etdirir. Bu dialoqa, 2021-ci ilin dekabrında Kanada xarici işlər nazirinin Kanada Azərbaycanlıları Şəbəkəsi ilə) və Kanadanın Azərbaycandakı və Ermənistandakı səfirlərinin KAŞ ilə görüşləri daxildir.
Qeyd edək ki, KAŞ tərəfindən hazırlanmış və Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü Maykl Kuperin dəstəyi ilə dərc edilmiş rəsmi petisiya 1500-dən artıq Kanada vətəndaşının imzası ilə Xocalı qətliamının 30 illiyi ərəfəsində parlamentə təqdim edilib.
KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdədir.

Diaspor 2022-04-02 10:00:00