×
A
A
A
Sazlamalar

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.
Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.
Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.
İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.
Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbriki edirəm.
Hörmətlə,

 


Seyid İbrahim Rəisi
İran İslam Respublikasının Prezidenti

Məktublar 2022-04-01 18:13:00