×
A
A
A
Sazlamalar

Mərakeş mətbuatı: 31 Mart - azərbaycanlıların soyqırımı günüdür

Rabat, 1 aprel, AZƏRTAC

Mərakeşin “Asvat” qəzetinin magazineaswat.com elektron nəşrində şərqşünas Həşim Məmmədovun “31 Mart - azərbaycanlıların soyqırımı günüdür” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildiyi bildirilib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
H.Məmmədov diqqətə çatdırır ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Şərqşünas yazır: “Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi”.
Qeyd olunur ki, bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.
Mərakeş nəşri məlumat verir ki, Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi.
H.Məmmədov bildirir ki, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919-cu və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Diqqətə çatdırılır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

 

 

31 mart 2022-04-01 18:03:00