×
A
A
A
Sazlamalar

Bölgələrdə anım tədbirləri davam etdirilib

Bakı, 1 aprel, AZƏRTAC

Ucar və Kürdəmir rayonlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, müvafiq rayonların icra hakimiyyətləri, Heydər Əliyev mərkəzləri, Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirlərdə təşkilatçı qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbirlərdə ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı 1918-ci ilin mart ayında törədilmiş soyqırımı aktını bəşəriyyətə, insanlığa qarşı törədilən vandalizmin təzahürü kimi qiymətləndirərək, bu genişmiqyaslı qanlı hadisə nəticəsində minlərlə azərbaycanlının böyük amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini bildiriblər.
Soyqırımı qurbanları Zaqatalada da anılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Əliabad İslam Kollecinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümünə həsr olunmuş seminarda qurumların əməkdaşları ilə yanaşı, kollecin müəllim və tələbələri də iştirak ediblər.
Çıxışlar zamanı ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə 31 Mart soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi xüsusilə vurğulanıb. Erməni-bolşevik faşist silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri insanlıq terroru barədə həqiqətlərin dünya ictimaiyyətinə daha da dolğun çatdırılması məqsədilə dövlətimiz tərəfindən bu gün də düşünülmüş və məntiqli addımların atıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

31 mart 2022-04-01 17:52:00