×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycan xalqı bütün dünyanı tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır

Bakı, 1 aprel, AZƏRTAC
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Xüsusi qəddarlıqla törədilmiş bu soyqırımı hadisəsindən 104 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Bu qanlı hadisəni xatırlamaq, erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq analiz etmək və bu vəhşilikləri dünyaya çatdırmaq çox vacibdir. Erməni faşizminin ifşası və erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Milli Məclisin deputatı qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.
Tamam Cəfərova bildirib ki, baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-dək Bakıda davam etmiş və tarixdə “1918-ci ilin Mart günləri” kimi qalıb. Bu soyqırımı təkcə Bakı ilə məhdudlaşmamışdı. Aprelin ilk ongünlüyündən etibarən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də törədildi. Həmin vaxt Şamaxıda törədilmiş kütləvi qırğınlara xüsusilə diqqət çəkən Milli Məclisin deputatı bildirib ki, hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri hələ də davam etdirildiyinə görə erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatları nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Mart soyqırımına siyasi qiymətin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildiyini söyləyən Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti var.
“Həmçinin 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olub. Məhz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması məqsədilə 2009-cu il dekabrın 30-da Sərəncam imzalayıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb”, - deyə Tamam Cəfərova diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə tarixi ədaləti bərpa etmiş oldu. Tarixi Qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi Qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək, erməni faşizminin iç üzünü görməyə çağırır.

31 mart 2022-04-01 17:41:00