×
A
A
A
Sazlamalar

Pərvin Kərimzadə: Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir

Bakı, 1 aprel, AZƏRTAC
Ruanda hadisələri, Yuqoslaviya qırğınları, Kambocada Pol Pot rejiminin törətdiyi cinayətlər və digər soyqırımı aktları artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınıb, beynəlxalq cinayət kimi qəbul olunub. Özlərini “yazıq və zavallı xalq” kimi təqdim edən erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları isə dünyada indiyə qədər də öz lazımi qiymətini almayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O qeyd edib ki, XX əsrin əvvəllərində erməni millətçiləri soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları, kütləvi iğtişaşlar törədərək minlərlə günahsız insanın ölümünə bais olublar. Bakıda təxribatlarla başlayan qırğınlar bütün Azərbaycana yayılıb. Erməni millətçiləri azərbaycanlıları dədə-baba torpaqlarını, doğma ev-eşiklərini tərk etməyə təhrik edib, qocalara, uşaqlara və qadınlara qarşı ağlasığmaz vəhşiliklər törədiblər. Hətta ermənilərin öz mətbuat orqanları belə özlərinin vəhşiliklərindən dəhşət hissi ilə yazırdılar. Ermənilər öz sərsəm ideyalarının həyata keçməsi üçün hər zaman əlverişli məqam gözləyiblər. Onlar üçün münbit şərait 1918-ci ildə yaranıb. 1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşeviklərin hakimiyyət çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə ediblər.
Daşnakların azərbaycanlılara qarşı soyqırımının yalnız Bakı ilə məhdudlaşmadığına diqqət çəkən deputat deyib: “Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Gəncə və Qarsda da qırğınlar törədilib. 1918-ci il qırğınlarında Şamaxıda 8 min dinc əhali qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb. Tədqiqat zamanı o da məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb”.
Pərvin Kərimzadə vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və 1 əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu hadisələrin mahiyyətini və nəticələrini obyektiv araşdırmaq mümkün oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində uzun illər gizli saxlanılan erməni millətçilərinin vəhşilikləri öz hüquqi-siyasi qiymətini aldı, tarixi həqiqətlər dünyaya çatdırıldı.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, KİV-də məqalələr dərc edildi.
“2021-ci ildə isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı Zəfər yürüşü 44 gün ərzində avantürist erməni millətçilərinin mifini birdəfəlik yox etdi. Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlərin, soyqırımının, şəhidlərimizin, Xocalı qurbanlarının qisası alındı”, - deyə deputat əlavə edib.

Qan yaddaşı 2022-04-01 13:22:00