×
A
A
A
Sazlamalar

Tacikistan portalında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş material dərc edilib

Düşənbə, 1 aprel, АZƏRTAC

Tacikistanın “faraj.tj” portalı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tacik dilində geniş material dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı aparılan soyqırımı siyasəti haqqında məlumat verilir.
Bildirilir ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyub. Qısa müddət ərzində bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında İrəvan quberniyasında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyulub, “böyük Ermənistan” ideyası təbliğ olunmağa başlanıb. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə real tarixin saxtalaşdırılmasına yönəldilən genişmiqyaslı proqramlar reallaşdırılıb. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edib.
İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919-cu və 1920-ci illərin 31 mart tarixi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməyib.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və ölkənin başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb və məhv edilib.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

31 mart 2022-04-01 10:41:00