×
A
A
A
Sazlamalar

Mart soyqırımı - Azərbaycan tarixinin unudulmaz səhifəsi

Ağcabədi, 1 aprel, AZƏRTAC

Tarix heç nəyi unutmur. Ermənilərin 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı həyata keçirdikləri soyqırımı da unudulmayacaq, Azərbaycan tarixinin unudulmaz səhifəsi olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Pedaqoji Kollecində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkil etdiyi tədbirdə soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, insanlığa sığmayan vəhşiliklərdən ətraflı söz açıblar.
Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Tədbirdə çıxış edənlər Mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu bildiriblər. Qeyd olunub ki, əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb. Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb və məhv edilib.

Regionlar 2022-04-01 06:51:00