×
A
A
A
Sazlamalar

Əbu-Dabidə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Ölkəmizin Əbu-Dabidəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səfir Mahir Əliyev azərbaycanlılara qarşı törədilən soyqırımların tarixindən bəhs edib. Qeyd olunub ki, 1918-ci ilin Mart hadisələri zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb. Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Kütləvi qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də həyata keçirilib.
Eyni zamanda, M.Əliyev azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən, 1918-ci il mart-aprel aylarında ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs edib. Səfir qeyd edib ki, yalnız ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünya törədilən hadisələrə düzgün qiymət verməyə başladı. Bu siyasət ümummilli lider Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev bu həqiqətləri dünya ictimaiyyətinə qətiyyətlə çatdırır.

31 mart 2022-04-01 00:09:00