×
A
A
A
Sazlamalar

Mülki Aviasiya Muzeyində 31 Mart soyqırımının qurbanları anılıb

Bakı, 31 mart, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə akademiyanın müəllim və tələbə heyəti, əməkdaşları iştirak edib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra muzeyin əməkdaşı Elnaz Osmanova “Tarixi cinayət - 31 mart azərbaycanlıların soyqırımı” adlı mühazirə oxuyub. Mühazirə zamanı tədbir iştirakçılarına bu soyqırımının baş verdiyi tarixi şərait və onun səbəbləri, ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu törətdikləri vandalizmin miqyası və dəhşətləri geniş şəkildə danışılıb, yetişən gənc nəslin bu bəşəri cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirməli olduqları funksiyaların əhəmiyyəti vurğulanıb.
Sonda erməni vəhşiliklərini sübut edən fotoşəkillərdən ibarət muzeyin hazırladığı sərgi və videomaterial nümayiş etdirilib.

31 mart 2022-03-31 20:35:00