×
A
A
A
Sazlamalar

Bolqarıstan KİV-lərində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə məqalələr dərc olunub

Bakı, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bolqarıstan mediasında silsilə məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Birinci Dünya müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət fonunda azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəsinə bolşeviklər tərəfindən göstərilən müqavimət qeyd olunur, Qafqazda özünə dövlət qurmağa çalışan erməni-daşnak qüvvələrinin 1918-ci ildə Bakı və Azərbaycanın regionlarında azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə danışılır. Qırğınların həyata keçirilməsi zamanı mümkün müqavimətin qarşısının alınması üçün Bakı Soveti və Erməni Milli Şurası tərəfindən aparılmış hazırlıqlar təsvir edilir. Eyni zamanda, soyqırımı zamanı Bakıda 10-12 min, Şamaxıda 8 mindən çox, Qubada 36 mindən çox, İrəvan quberniyası və ətraf bölgələrdə 131 mindən çox insanın qətlə yetirildiyi, azərbaycanlıların tarixən yaşadıqları və mütləq əksəriyyət təşkil etdikləri Zəngəzur, İrəvan quberniyası və Qars əyalətində ümumilikdə təqribən 418 kəndin yerlə-yeksan olunduğu bildirilir.
Məqalələrdə qırğınlarda Stepan Şaumyan, Andranik Ozanyan, Qareqin Ter-Arutyunyan və digər ermənilərin qanlı fəaliyyəti barədə ətraflı bəhs edərək, qətliamların azərbaycanlıların düşünülmüş və sistematik şəkildə, tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyi bildirilir. Arxiv sənədlərə və qırğınların canlı şahidləri olmuş müxtəlif millətlərin nümayəndələrinin ifadələrinə istinad edilərək, qətliamın əvvəlcədən planlaşdırıldığı diqqətə çatdırılır, soyqırımının hansı vəhşiliklə törədildiyi təsvir olunur.
Həmçinin XX əsrin sonlarında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin təkrarən törədildiyi qeyd olunur, 1992-ci ilin fevralında Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionunda Xocalı şəhərinin əhalisinə qarşı həyata keçirilmiş ağır vəhşiliklər xatırladılır. Bununla yanaşı, yazılarda 44 günlük müharibə zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinin raket hücumlarına məruz qaldığı vurğulanır.
Eyni zamanda, Bolqarıstan KİV-lərində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bolqar dilinə tərcümə olunmuş bəyanatı, həmçinin ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərlərinin bolqar dilinə tərcümə olunmuş müraciəti də yayımlanıb.

31 mart 2022-03-31 20:32:00