×
A
A
A
Sazlamalar

BDU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri

Bakı, 31 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi anılıb.
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” sənədli filmi nümayiş olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Mart soyqırımı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı ermənilərin törətdiyi ən ağır cinayətlərdəndir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi bu vandalizm aktlarında on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Yüzlərlə şəhər və kəndlərimiz, milli memarlıq incilərimiz, məktəblər, xəstəxanalar və digər abidələrimiz dağıdılıb. Mart qırğınlarında 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılıb, əhalisi misli görünməmiş amansızlıqla öldürülüb.
Rektor qeyd edib ki, bu dəhşətli soyqırımı aktına Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1918-ci il soyqırımına dair genişmiqyaslı araşdırmalar aparılıb. Erməni millətçiləri tərəfindən törədilmiş cinayətlər haqqında yeni faktlar aşkara çıxarılıb.
2013-cü ildə Quba şəhərində Soyqırımı Memorial Kompleksi açılıb.
Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
E.Babayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətindən danışıb. “İndi ölkəmiz üçün yeni dövr başlayıb - quruculuq dövrü. Bu istiqamətdə də biz bütün gücümüzü səfərbər edib, ermənilər tərəfindən dağıdılmış və viran qoyulmuş yurd yerlərimizi, mədəni və tarixi abidələrimizi bərpa edirik”- deyə rektor bildirib.
Milli Məclisin deputatı Arzu Nağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Ülkər İmaməliyeva, Tarix fakültəsinin doktorantı Nərgiz Kərimova çıxış edərək, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.
Çıxışlarda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən terror aktları ilə bağlı məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.

Elm və təhsil 2022-03-31 19:57:00