Şərqşünaslıq İnstitutunda xalqımıza qarşı törədilən soyqırımları haqqında kitablar çap edilib
Bakı, 31 mart, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan onlayn tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini diqqətə çatdırıb. Bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
G.Baxşəliyeva qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. 1918-ci ildə ermənilər insanlara qarşı amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Akademik ermənilərin tək indiki Azərbaycan Respublikasının ərazisində deyil, həmçinin Cənubi Azərbaycanda kütləvi qırğınlar, soyqırımı törətdiklərini deyib.
G.Baxşəliyeva Şərqşünaslıq İnstitutu əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunan və tarixi həqiqətləri üzə çıxaran kitablarından da bəhs edib. O, institutda soyqırımları haqqında onlarca kitabın işıq üzü gördüyünü bildirib: “1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində - Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törətdikləri soyqırımları Şərqşünaslıq İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin Azərbaycan, rus, ingilis, türk dillərində çoxsaylı kitablarında əksini tapıb. Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən bir sıra kitablar yazılıb, iranlı müəlliflərin bu mövzuda əsərləri fars dilindən tərcümə edilib. İnstitutun əməkdaşı Həsən Səfərinin farsdilli mənbə və qaynaqlar əsasında yazdığı “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” monoqrafiyasında Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törətməsi araşdırılaraq təhlil edilib”.
Akademik institutda bu mövzuda çap olunan digər kitablardan da danışıb.
Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi tədbirdə çıxış edərək ötən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törədilən soyqırımları barədə ətraflı məlumat verib. İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri isə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsindəki Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlının soyqırımına məruz qalmasından danışıb.
Abşeron və Qəbələdə becərilən çaytikanı bitkisinin məhsuldarlığı araşdırılıb
Dördüncü siniflərdə monitorinq keçiriləcək
Bakı məktəblərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü