×
A
A
A
Sazlamalar

Erməni yalanı, xəyanəti, soyqırımı: tarix şəhadət göstərir

Bakı, 31 mart, Rauf Hacıyev, AZƏRTAC

XIX əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza Qacar məmləkətindən və Osmanlı imperiyasının ərazilərindən kütləvi köçürülən və bu bölgənin yerli sakinləri olan azərbaycanlıların tarixi torpaqlarında məskunlaşdırılan ermənilər həmin tarixdən bir əsr keçməmiş bu diyarın yerli türk (azərbaycanlı)-müsəlman əhalisinə qarşı qətllərə, kütləvi qırğınlara və soyqırımına başladılar. XX əsrin sonlarına yaxın Qarabağın kiçik, lakin Cənubi Qafqazın qədim sivilizasiya mərkəzlərindən olmuş Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə insanlara qarşı tətbiq edilən işgəncə üsullarına görə bu vaxta qədər görünməmiş qəddarlığı və xüsusi amansızlığı ilə fərqlənirdi.

Nə üçün məhz Xocalı?

Xocalı Azərbaycanın Qarabağda ən qədim yaşayış məskənlərindən biridir. Ağdam-Şuşa, Xankəndi-Əsgəran yolları üzərində yerləşən Xocalı şəhəri Qarabağın mühüm strateji əhəmiyyətə malik yaşayış məskənlərindən hesab olunurdu. Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Şəhərin 7000-dən çox əhalisi var idi. Vaxtilə Fərqanədən gəlmiş Məhsəti türkləri və Ermənistandan ermənilər tərəfindən qovulmuş azərbaycanlılardan da oraya sığınanlar var idi. Faciədən əvvəl Xocalıya şəhər statusu verilmişdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyada törədilmiş soyqırımların tarixinə daha birinin əlavə edilməsinə ermənilər tərəfindən ciddi hazırlıq görülürdü - Xocalı soyqırımı özünün tətbiq üsullarına görə soyqırımının tərifini belə kölgədə qoyacaqdı. Bu qırğında azərbaycanlılardan heç kimə aman yox idi - ağbirçək analara, ağsaqqal qocalara, heç bir günah sahibi olmayan körpələrə, hətta dünyaya gəlməmiş, ana bətnində olan uşaqlara da. Ermənilər dünyanın bir gün mütləq oxuyacağı soyqırımı tarixini yalnız özlərinə məxsus qəddarlıqla yazmaqda idilər. Bir sözlə, ermənilərin təbliğatını müəyyən edən siyasət uzun illərdən bəri idi ki, belə hadisəyə doğru gizli şəkildə irəliləməkdə idi.
Xocalı heç də təsadüfən seçilməmişdi. Bura ermənilər üçün yalnız azərbaycanlıların yaşayış məskənindən başqa, həm də əlverişli geostrateji mövqeyi ilə seçilirdi. Ona görə ki, Xocalı Əsgəran qalası ilə Xankəndinin arasında yerləşirdi. Şəhərdə dəmiryolu və aeroport var idi. Ermənilər əvvəlcə Xocalının Azərbaycanla əlaqəsinin kəsilməsinə çalışırdılar. 1991-ci il oktyabrın 30-dan Xocalı ilə avtomobil əlaqəsi kəsilmişdi. 1992-ci il yanvarın 2-dən isə Xocalı şəhərinin elektrik təminatı da kəsildi. Buna görə də Xocalı faciəsini bir təsadüfün nəticəsi olaraq görmək doğru deyil. Ermənilər terrorla əlaqədar uzunmüddətli tarixi təcrübələrinə söykənərək öz ictimaiyyətlərini yavaş-yavaş törədəcəkləri qətllərə, kütləvi qırğına və soyqırımına hazırlayırdılar. Onlar insanları öldürməklə Dağlıq Qarabağın yerli əhalisi arasında qorxu və psixoloji təzyiq yaratmağa çalışır, erməniləri isə xaosa, anarxiyaya və daha dəhşətli cinayətlər törətməyə təşviq edirdilər. Yalnız erməni silahlıları deyil, sıravi insanlar da bilməli idilər ki, azərbaycanlıları öldürməyə görə kimsə cəzalandırılmır. Beləliklə, hər bir erməni “milli qəhrəman" olmaq üçün azərbaycanlıları qətlə yetirməyə istiqamətləndirilirdi. Yəni, Ermənistanda və Dağlıq Qarabağda bilərəkdən müharibə əhval-ruhiyyəsi yaradılırdı. Əgər belə olmasaydı, bütün bu amansız qətlləri, kütləvi qırğınları və nəhayət, soyqırımını birdən-birə həyata keçirmək mümkün olmazdı. Deyilənlərin doğruluğuna inanmaq üçün alışdırma tadbirlərinin statistikasına baxmaq lazımdır. Hələ 1988-ci ildə Qarabağın dağlıq hissəsində 5 nəfər, 1989-cu ildə 32 nəfər, 1990-cı ildə 90 nəfər, 1991-ci ildə isə 150 nəfərdən çox azərbaycanlı qətlə yetirilmişdi. Bir nəfərin qətlə yetirilməsi faciə idisə, 257 nəfərin öldürülməsi, sadəcə olaraq, statistika idi. Məlum olduğu kimi, bu qətlləri yerinə yetirənlərə qarşı heç bir hüquqi cəza tədbirləri tətbiq edilmədiyi üçün hadisələrin bu cür inkişafı ermənilərə daha yeni qüvvələri hadisələrə cəlb etməyə imkan verir və onları yeni-yeni cinayətlərə həvəsləndirirdi. Hələ 1991-ci il noyabr ayının 28-də ermənilər Əsgəran rayonunun içərisində UAZ markalı maşında 3 nəfəri öldürdülər. Bütün bunlar, faciəni yaxınlaşdıran hadisələr zəncirinin bir halqası olub “əsas məşqə" hazırlıq idi. Bu hadisənin olması ermənilərə yolu bağlamaq, bölgədə əlaqələri aradan qaldırmaq üçün lazım idi. Əlaqələr kəsilmiş olsaydı planlarını asan yerinə yetirə biləcəklərindən əmin idilər. Bu məsələdə hər amilin yeri əvvəlcədən müəyyən edilmişdi. Hadisələrin sonunda yollar bağlandı. Hətta bir neçə gün sonra ermənilər özlərini vəziyyətin sahibi hiss edərək Əsgəran qalasında “müdafiəni qüvvətləndirmək" tədbirləri həyata keçirməyə başladılar. Artıq Xocalı soyqırımı baş verməmişdən bir neçə ay əvvəl şəhər sakinləri sanki müharibə şəraitində yaşayırdı. Çünki, Xocalı yalnız hava xətti vasitəsilə Azərbaycanla əlaqə saxlamağa məcbur edilmişdi. 6 min nəfərlik yaşayış məntəqəsinin 13 fevraldan xarici aləmlə əlaqəsi tamam kəsilmişdi. Xocalını dünya ilə birləşdirən hava yolunun isə nə qədər açıq olacağı ermənilərdən asılı idi və əvvəlcədən onu da planlaşdırmışdılar. Təbii ki, ermənilərə görə Xocalının hava yolu ilə əlaqəsinə imkan vermək olmazdı. Bu Xocalının müqavimət göstərməsinə kömək edə bilərdi. Həmin vaxt Azərbaycan səlahiyyətliləri müxtəlif səbəblərlə əlaqədar olaraq mühasirədə olan Xocalıya yol aça bilmədilər. Son olaraq ermənilər yanvarın 29-da Xocalıdan helikopter uçmasının da qarşısını ala bildilər. Bundan sonra isə Xocalının mühasirə çevrəsini daha da daraltdılar.
Xocalının dünya ilə əlaqəsinin kəsilməsi bir sıra amillərlə əlaqədar idi. Birincisi, ondan ibarət idi ki, bölgənin xarici aləmlə əlaqəsinin kəsilməsi əhalinin müqavimət imkanını azaldırdı. İkincisi isə dünya ictimaiyyəti hadisələri isti-isti görə bilməyəcəkdi və ermənilər bu vəziyyətdən istifadə edərək “izləri” təmizləyə biləcəkdilər.
Beləliklə, 1992-ci il fevral ayının 25-də axşam 10-11 radələrində Xocalıya hücum başlandı. Demək olar ki, Xocalı faciəsində də ermənilər son yüz ildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarında istifadə etdikləri üsul və vasitələrdən istifadə etmişdilər.
Ermənilərin fevralın 25-ni gözləmələri də bir sıra səbəblərlə əlaqədar olmuşdur. Əsası ondan ibarət idi ki, o vaxta qədər ermənilər Xocalıya hücum edə biləcək miqdarda texnikaya sahib deyildilər və lazım olan dəstəyi də hələ havadarlarından ala bilməmişdilər. Məhz buna görə də fevralın 25-nə qədər erməni birliklərinin Xocalıya hücum etmək imkanı yox idi. Ermənilərə lazım olan texnika və silah-sursat verildikdən sonra isə düşmən Xocalı şəhərinə hücuma başladı və dinc əhalini soyqırımına məruz qoydu.

Xocalı soyqırımı rəqəmlərdə

Faciədən sonra Xocalı soyqırımının nəticələri günbəgün dəqiqləşdirilməyə çalışılırdı. 1992-ci il martın 2-də Azərbaycanda “demokratik islahatlar və insan haqları" beynəlxalq hərəkatı dünya xalqlarına müraciətini yaymışdı. Müraciətdə deyilirdi: “1992-ci il fevralın 26-da gecə erməni milli ordusu və 366-cı polkun iştirakı ilə Xocalı şəhəri yer üzündən silindi. Həmin axşam 1324 azərbaycanlı öldürülmüşdü. Hücum edənlər qadınlara, uşaqlara və qocalara da rəhm etmədilər. Qaçanları pulemyotu dirəyərək öldürür və ya tanklarla tapdalayırdılar. Bunu yalnız faşistlərin cinayəti ilə müqayisə olar". Sonda bildirilirdi ki, xalq öz torpağında genosidə məruz qalır.

1992-ci il martın 3-də Azərbaycanın Milli Məclisi də dünyanın parlamentlərinə müraciətində Qarabağda erməni milli birliklərinin Azərbaycan xalqına qarşı genosidini mühakimə etməyə çağırırdı. Müraciətdə deyilirdi ki, əhalisi 6 min nəfər olan Xocalı şəhəri yer üzündən silinib.
Xocalı faciəsi gizlində deyil, dünyanın gözləri qarşısında həyata keçmişdi. Faciədən sonra Qərbin televiziya jurnalistləri hadisə yerinə getmək istədikdə erməni silahlıları tərəfindən qarşısı alınmışdı. Bu fakt dünya mətbuatında verilməsinə baxmayaraq erməniləri dəstəkləyən qüvvələr bu fakta o qədər də əhəmiyyət vermədilər. Buna baxmayaraq Qərbin telejurnalistləri bir sıra yerlərdə, o cümlədən Xocalının ətrafında qətl edilənləri görmüş və onları lentə ala bilmişdilər. Onlar 50-dək eybəcərləşdirilmiş cəsədi lentə almışdılar.
Bu videolentdə olanlar Xocalıda soyqırımı həyata keçirildiyini şərtsiz olaraq qəbul etdirir. Videogörüntülərdən məlum olur ki, ermənilər 2-15 yaşında olan uşaqlara silahı başına dirəyərək atəş açmış, qadınları və ağsaqqalları güllələmişlər. Burada mühüm olan, insanların soyqırımına məruz qaldıqlarını göstərən ən mühüm amil ondan ibarət olmuşdur ki, öldürülənlərin müqavimət göstərmək üçün heç bir imkanı olmamışdır. Hətta qaçmaq imkanı olmayanlar da gülləbaran edilmişlər. Videogörüntülər üzərində tədqiqat aparıldıqda çox maraqlı faktlar aşkar edilmişdi. Öldürülənlərin əksəriyyəti başından vurulmuşdu. Bu, o deməkdir ki, ermənilər yaralıları da güllələmişlər. Öldürülmüş uşaqların qulaqlarını, kişilərin başlarını kəsmişdilər. Bundan başqa, öldürülənlərin üzərində heç bir qiymətli əşyanın olmaması göstərir ki, onları öldürdükdən sonra qarət də ediblər. Qadınların barmaqlarının kəsilməsi də qiymətli əşya üçün törədilən vəhşiliyin əlaməti idi. Ermənilər beynəlxalq müqavilələrə məhəl qoymadan əsirlərə işgəncə verir, onları qətlə yetirirdilər. İlkin məlumatlarda bildirilirdi ki, ermənilər Xocalının 1600 sakinini Əsgəran yaxınlığındakı Vəng və Xındırıstan kəndlərində əsir olaraq saxlayırlar. Bu əsirlərdən 60 nəfərini 1992-ci il martın 3-də güllələmişlər. Başqa bir məlumatda Xocalıda əsir götürülmüş 70 nəfər qadının güllələndiyi vurğulanırdı.
Xocalı qırğını dünyanın siyasi lüğətindəki “genosid" kəlməsinin tərifini kölgədə qoyur. Bu kəlmədən əksər hallarda ermənilər istifadə edirlər. Lakin çox maraqlı olan budur ki, ermənilər soyqırımı törətdikləri halda, özlərinin genosidə məruz qaldıqları haqqında dünyaya nəticə verə biləcək hay-küy salmağa başlamışdılar. Bu, onların tarixən sınaqdan çıxardıqları metodlardandır.
XIX əsrin sonlarında da, XX əsrin əvvəllərində də, İkinci Dünya müharibəsi illərində də Anadoluda, Qafqazda, o cümlədən Azərbaycanda bu şəkildə hərəkət etmişlər. Onlar olmayan, məruz qalmadıqları “faciə”lərini dünyaya həqiqət kimi yaymış, dəstək axtarmış, çox vaxt isə buna nail olmuşlar.
Xocalı qırğınının azərbaycanlılara qarşı təşkil edilmiş genosid aktı olmasını müəyyən edən on mühüm şərt qətlin həyata keçirilməsi metodunun təhlili ilə müəyyən edilir. Bunun genosid olmasının müəyyən edilməsində söz məhkəmə-tibb ekspertlərinindir. Bu, dünyanın hər yerində eyni şəkildə müəyyən edilir. Xocalı qırğını ilə əlaqədar məhkəmə-tibb ekspertlərinin də təhlili keçirilmişdir. Məhkəmə-tibb ekspertlərinin rəyində bildirilirdi ki, Xocalı hadisəsi zamanı birliyin ekspertləri tərəfindən 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Müayinə olunan meyitlərin 13 nəfəri azyaşlıya aid olmuşdur. Xəsarətlərin əmələ gəlmə mexanizminə görə bölünməsi bu qaydada olmuşdur: Qəlpə təsirindan-20, güllə təsirindan-151, küt alət təsirindən 10. Xəsarətlər yerləşdiyi nahiyələrə görə bu cür olmuşdur: Baş nahiyəsi-40, döş qəfəsi-74, qarın nahiyəsi-17, ətrafları-11.
Bütün bunlarla yanaşı, müayinə olunmuş meyitlərdən 3-də ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni, başın dərisinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi əlamətləri aşkar edilmişdir. Eyni zamanda, göz almalarının çıxarılması, dişlərin sındırılması müşahidə olunmuşdur. Müayinə olunmuş 31 meyitdə isə kombinə edilmiş, yəni, bədənin müxtəlif nahiyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur. Müayinə olunmuş meyitlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq kömürləşmə aşkar edilmişdir. Eyni zamanda, müayinədən keçirilən meyitlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların üzərindən hərbi texnikanın keçməsi əlamətləri müəyyən olunmuşdur.
Sonra meyitlərin müayinəsi davam etdirildikdə dünyada qırğın tarixində çox az rast gəlinən xəsarətlər meydana çıxmışdır. Azərbaycanlıların diri-diri dirnaqları, gözləri çıxarılmış, başları kəsilmiş, müxtəlif üsullarla və vasitələrlə yandırılmış, qadınların döşləri, cinsiyyət üzvləri kəsilmiş və daha nə kimi ifadə edilməsi mümkün olmayan cəza üsulları tətbiq edilmişdir.
Tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Xocalı soyqırımından sonra isə şəhər dağıdılmış, mülki əhalinin isə daşınar əmlakı talan olunmuşdur.
Əslində, Ermənistanın saxta tarixə əsaslanaraq uydurduğu milli ideologiya bu gündə həm siyasi həm də dini vasitələrlə azərbaycanlılara qarşı nifrəti yaratmaqla, ədavəti və qisası isə körükləməklə Cənubi Qafqazdakı sülh və təhlükəsizliyə başlıca təhlükə mənbəyi olmaqda davam edir. Tarixin təhlili göstərir ki, Cənubi Qafqaza gəlmə element olan ermənilərin son iki əsrdə bu bölgənin yerli türk(azərbaycanlı)-müsəlman əhalisinə qarşı olan qisas hissi heç vaxt unudulmamış, əksinə son 30-40 ildə erməni millətçiləri və Qriqorian kilsə xadimlərinin fəal “dini” təbliğatı nəticəsində patoloji nifrət səviyyəsinə yüksəldilmişdir.
Həm XX əsrin əvvəllərində, həm ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq Birinci Qarabağ müharibəsinin sonunadək törədilmiş silsilə qətllər, qırğınlar, soyqırımlar, işğallar və talanlar, o cümlədən ermənilərə əsir düşmüş, girov götürülmüş azərbaycanlılarla düşmənin rəftarı, həm də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğalçılardan azad edilmiş ərazilərdəki mövcud vəziyyət xəyanəti, deportasiyanı, soyqırımı pərdələyən erməni yalanını ifşa etmiş, ultra şovinist erməniliyin və erməni vandalizminin bütün tarixi xronikasını dərindən təhlil etməyə və düzgün nəticə çıxarmağa imkan yaratmışdır. Ermənilərin azərbaycanlılara qarşı bəslədiyi maniakal patoloji hisslərin nə qədər dəhşətli olduğunu sübut etmişdir.
Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi hələ birinci Qarabağ müharibəsində ermənilər tərəfindən müxtəlif işgəncələr verildikdən sonra qətl edilən, soyqırımına məruz qalan azərbaycanlıların və müharibə vaxtı itkin düşdüyü hesab edilən döyüşçülərin basdırıldığı yerlərin aşkar edilməsinə şərait yaratmışdır.
İtkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı dəqiq siyahı hələ 2017-ci ildə hazırlanıb və aidiyyəti dövlət qurumlarına təqdim edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2022-ci il yanvarın 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermir.
Tarixə nəzər salsaq görərik ki, silahlı münaqişələr zamanı əsas hədəf hərbçilər olur. Tarixi ənənələrlə yanaşı, müasir beynəlxalq humanitar hüququn norma və prinsipləri də bunu tələb edir. Amma qeyd edilən rəqəmlərdən göründüyü kimi, hərbçilərlə yanaşı, 719 mülki şəxs də Birinci Qarabağ müharibəsində itkin düşmüş kimi qeydiyyatdadır. Yəni, Azərbaycan Respublikasının yaşayış məntəqələrini işğal edərkən Ermənistan silahlı qüvvələrinin və terrorçu silahlı birləşmələrin əsas hədəfi daha çox mülki əhali olub. Bu faktı əsir-girovluqdan azad olunmuş şəxslərlə bağlı statistik məlumat da təsdiq edir.
Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 1480 Azərbaycan vətəndaşı azad edilib. Onlardan 378 nəfəri hərbçi, 1102 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 224 nəfəri uşaq, 357 nəfəri qadın, 225 nəfəri yaşlı adamdır.
Həm III, həm də IV Cenevrə konvensiyalarının 3-cü maddəsi mülki əhalinin girov götürülməsini qadağan edir. Bu konvensiyalar Ermənistan tərəfindən də qəbul edilib. Amma qarşı tərəf münaqişə dövründə mülki əhalini məqsədyönlü olaraq girov götürərək uzun müddət saxlayıb. Beynəlxalq humanitar hüququn əsas tələblərindən biri ondan ibarətdir ki, mülki şəxslər qorunmalıdır, onlar heç bir halda hədəf olmamalı, işgəncə və təcavüzə, ayrı-seçkiliyə məruz qalmamalı, qısa müddətdə aid olduğu tərəfə qaytarılmalıdır. Lakin göründüyü kimi, 1102 mülki Azərbaycan vətəndaşı uzun müddət girovluqda saxlandıqdan sonra Azərbaycan tərəfinin çoxsaylı tələbi və aparılmış zəruri tədbirlər nəticəsində azad olunub. Bu insanlar ağır işgəncələr altında, qeyri-insani şəraitdə saxlanılıblar. Təsadüfi deyil ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, girov götürülmüş xeyli sayda Azərbaycan vətəndaşı ağır işgəncələrə dözməyərək, girovluqda həyatını itirib.
Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilmiş, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilmişdir.
2022-ci ilin fevralında Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilmişdir. Məlum olmuşdur ki, aşkar olunan meyit qalıqları kütləvi dəfn edilmiş şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılmışdır.
2022-ci il martın 28-də isə Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər.
Bir gün sonra isə kəndin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı daha bir neçə insan skeleti tapılıb. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilir. Tapıntının xronikasından və coğrafiyasından asılı olmayaraq aşkarlanan və bundan sonra da istisna edilmir ki, aşkarlanacaq bütün kütləvi məzarlıqlar ermənilərin Qarabağda həyata keçirdiyi cinayətkar fəaliyyətlərinin göstəricisidir. Bütün bu fəaliyyətlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın özünün də qoşulduğu beynəlxalq konvensiyalara ziddir və ermənilərin müharibə cinayəti hesab edilir.

Qan yaddaşı 2022-03-31 19:50:00