×
A
A
A
Sazlamalar

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb

Bakı, 31 mart, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz” adlı layihə çərçivəsində növbəti tədbir keçirib.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Nizami rayonunun qəhrəman övladlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış film nümayiş etdirilib.
Çıxış edən layihə rəhbəri Səbinə Novruzzadə deyib ki, layihə Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsindən, Vətən müharibəsi iştirakçılarının tanıdılmasından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkilindən və onların Zəfər tariximiz barədə maarifləndirilməsindən bəhs edir. Üç ay davam edəcək və şəhidlərimizin əziz xatirəsinə, eləcə də qazilərimizə olan dərin hörmətin, ehtiramın göstəricisi kimi layihə Zəfər tariximizin gənclərin yaddaşına yazılmasına xüsusi töhfəsini verəcək, onların maarifləndirilməsinə vəsilə olacaq.
Tədbirdə şəhid Alı Həsənlinin atası Nofəl Həsənov, şəhid Nicat Əhmədovun atası Həsən Əhmədov, qazi Arif Əliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və başqaları çıxış edərək şəhidlərin, qazilərin, müharibə iştirakçılarının şücaətindən, döyüş yolundan, eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Bildiriblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Çıxış edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda təltifetmə mərasimi keçirilib, şəhid valideynləri, qazilər mükafatlandırılıblar.

31 mart 2022-03-31 19:43:00