×
A
A
A
Sazlamalar

Azərbaycanlılara qarşı erməni genosidi bəşər tarixinin ən qanlı səhifələrindəndir

Şəki, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı uzun illərdən bəri davam edən qırğınlar, repressiyalar əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir xalqın tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyi üçün, beynəlxalq hüquqa əsasən, belə əməllər məhz soyqırımı kimi xarakterizə olunur. Azərbaycanlılara qarşı erməni genosidi bəşər tarixinin ən qanlı səhifələrindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən konfransda səsləndirilib.
Konfransı filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru Rafiq Rəsulov açaraq, xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi kökləri barədə danışıb, 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, soyqırımına məruz qalmasını XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunduğunu bildirib.
Konfransda filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışovun “31 Mart soyqırımı ərəfəsində və ondan sonra Cənubi Qafqazda geosiyasi vəziyyət”, həmin kafedranın baş müəllimləri Tahir Məhərrəmovun “31 Mart faciəsi soyqırımı aktıdır” və Mirvari Eminovanın “31 Mart Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının törətdiyi tarixin qanlı salnaməsidir”, ikinci kurs tələbəsi Nigar Məmmədlinin “1918-ci ilin Mart soyqırımı Azərbaycan tarixşünaslığında” mövzularında məruzələri dinlənilib.

Regionlar 2022-03-31 19:00:00