×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Bakı, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalanıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Sonra Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdı.
Daha sonra digər natiqlər - Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Zülfüqar Musabəyov və digər gənclər bildiriblər ki, Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Tarixi həqiqətləri obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq, xarici dövlətlərdə yaşayanları məlumatlandırmaq məqsədi daşıyan muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir, gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda düşmənə qarşı nifrət hislərinin aşılanması istiqamətində böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji mübarizə daha effektiv xarakter almışdır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, irimiqyaslı layihələr həyata keçirilir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” aksiyaları bu soyqırımı barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Nəsimi rayon ictimaiyyəti və gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı muzeyində olublar.
Ekskursiya zamanı bələdçi bildirib ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılıb.

Qan yaddaşı 2022-03-31 18:55:00