×
A
A
A
Sazlamalar

Balakəndə soyqırımı qurbanlarının xatirəsi anılıb

Balakən, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən rayonunda silsilə tədbirlər bir neçə gündür davam edir.
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 31-də rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Toplantıda 200 yüz ilə yaxın bir müddətdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, törətdikləri faciələr bir daha xatırlanıb, Ermənistanın bu gün də davam edən təcavüzkarlıq siyasəti qətiyyətlə pislənilib. Erməni millətçilərinin bu məkrli siyasəti nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyi qeyd olunub. Bildirilib ki, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı iş aparılır.
Tədbir iştirakçıları sonra uşaq, yeniyetmə və gənclərin soyqırımı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Regionlar 2022-03-31 18:32:00