×
A
A
A
Sazlamalar

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Bakı, 31 mart, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, qurumun rəyasət heyətinin və veteranların iştirak etdiyi tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 31 Mart soyqırımı və bu soyqırımının antiinsani mahiyyətindən danışıb: “31 Mart soyqırımı miqyas və mahiyyətinə görə XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Qeyd etməliyik ki, erməni cinayətkarları XX əsrdə bir deyil, bir neçə dəfə xalqımıza qarşı soyqırımı və qətliamlar törədib. XX əsrin sonlarında - 1992-ci ildə baş vermiş Xocalı soyqırımı buna nümunədir. Bütün bu faktlar onu göstərir ki, erməni faşizmi Azərbaycan xalqına qarşı əsrlər boyu sistemli şəkildə soyqırımı törətməkdədir. Bizim üçün qürurverici haldır ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminə ağır zərbə vurdu, torpaqlarımızı işğaldan azad etdi.
Onu da unutmaq olmaz ki, bütün bu soyqırımları mahiyyət etibarilə bəşəriyyətə, insanlığa qarşı törədilib. Bu baxımdan erməni faşizminin tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törətdiyi qətliamlara görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi, sadəcə, Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənafeyi və təhlükəsizliyi baxımından zəruridir”.
Sonra çıxış edən təşkilatın hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov 31 Mart soyqırımı və erməni faşizminin beynəlxalq müstəvidə ifşasının əhəmiyyətindən söz açıb. O bildirib ki, erməni cinayətkarlarının cəzalandırılması üçün hərbi tribunalın yaradılması, xalqımıza qarşı qətliamlar, soyqırımlar törədənlərin bu tribunal qarşısında cavab verməsi vacibdir.

Cəmiyyət 2022-03-31 18:43:00