×
A
A
A
Sazlamalar

Qobu qəsəbəsində 31 Mart soyqırımı qurbanlarının xatirəsinə Anım Kompleksi ucaldılıb

Xırdalan, 31 mart, Ə.Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü silsilə tədbirlərlə qeyd olunub. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri və rayon ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə rayonun Qobu qəsəbəsində 31 Mart soyqırımının günahsız qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yeni inşa olunan Anım Kompleksinin açılışında iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədr müavini Məhəbbət Qasımov tədbiri açaraq 1918-ci il hadisələri zamanı Abşeron rayonundan, o cümlədən Qobu qəsəbəsindən də şəhidlərin olduğunu qeyd edərək bildirib ki, qəsəbə ağsaqqallarından olan Məşədi Hilal Hacı İsmayıl oğlu ermənilərin törətdiyi vəhşiliklərin qarşısını almağa, kənd camaatını qorumağa çalışdığı zaman qanına qəltan edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək deyib ki, Azərbaycan xalqının başına gətirilən bəzi faciələr uzun illər gizli saxlanılmağa, xalqın yaddaşından silinməyə çalışılıb. Lakin ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə olan həqiqətlərin üzə çıxarılmasına səbəb olub, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1918-ci ilin mart soyqırımları zamanı ermənilər uşaq, qoca, qadın demədən, minlərlə insanı qılıncdan keçirib, soydaşlarımızı diri-diri yandırıblar. Bu qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali, sadəcə, azərbaycanlı olduğu üçün kütləvi qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.
A.Fərzəliyev qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlanıb, 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutublar. Bu qanlı faciə zamanı 613 nəfər qanına qəltan edilib, sivil insanlar əsir alınıb.
Sonra RİH başçısı Abdin Fərzəliyev Qobu qəsəbəsindən olan şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.
Daha sonra anım tədbirləri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbirdə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Abşeron RİH yanında İctimai Şuranın üzvü, elmlər doktoru Əbülfət Pələngov və Saray 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə Hüseynova çıxış edərək, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, onların həyata keçirdiyi vəhşiliklərdən danışıblar. Bildirilib ki, azərbaycanlıların hümanistliyindən istifadə edən mənfur qonşularımız tarixi dədə-baba torpaqlarımıza göz dikib və buna görə də soydaşlarımıza qarşı dəfələrlə soyqırımı siyasəti həyata keçiriblər.
Qeyd edilib ki, heç bir zaman ermənilərə inanmaq və güvənmək olmaz. Çünki torpaqlarımızda gözü olan yurdsuzlar öz çirkin siyasətlərindən əl çəkməyəcək və daim təxribata əl atacaqlar. Qalib gəldiyimiz Vətən müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi bağlansa da belə, ayıq-sayıq olmalı, ehtiyatı əldən verməməliyik.

Regionlar 2022-03-31 18:16:00