×
A
A
A
Sazlamalar

Tələbələr məktəbliləri Mart soyqırımı barədə məlumatlandırıblar

Bakı, 31 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin dördüncü kurs tələbələri təcrübə keçdikləri Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçiriblər. Məktəbin akt zalında təşkil edilən tədbirdə hər iki təhsil müəssisəsinin kollektiv üzvləri, tələbələr və şagirdlər iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında çıxış edən Mingəçevir şəhər 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov və MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov 104 il əvvəl erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırımının heç zaman unudulmayacağını, soyqırımı qurbanlarının daim böyük ehtiramla anılacağını vurğulayıblar. Tarixi həqiqətlərin gənc nəsil arasında təbliği istiqamətində tələbə və şagirdlərin birgə fəaliyyətləri təqdirəlayiq hal kimi dəyərləndirilib.
Sonra tədbirin proqramına uyğun olaraq, tələbələr soyqırımı barədə məruzələrlə çıxış edib, məktəb şagirdləri isə şeirlər səsləndiriblər.
Sonda Mart soyqırımı hadisəsinə dair tarixi həqiqətləri əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

Regionlar 2022-03-31 17:31:00