×
A
A
A
Sazlamalar

Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdəndir

Bakı, 31 mart, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Öncə soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər soyqırımların tarixi kökləri və multikultural dəyərlərə təsirindən bəhs edib, YT Parkın Vətən müharibəsi dövründə orduya göstərdiyi dəstəkdən söz açıblar.
Bildirib ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı Bakı şəhərində, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
Daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart soyqırımına hüquqi-siyasi qiymət verilib. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən videoçarx nümayiş olunub.

Elm və təhsil 2022-03-31 16:19:00