×
A
A
A
Sazlamalar

Tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Bakı, 31 mart, AZƏRTAC

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekanlığının təşkilatçılığı ilə fakültənin dekan müavini Tural Əliyev və bir qrup tələbə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, onlar faciə qurbanlarının xatirəsini yad edib, xatirə daşı önünə əklil qoyub, kompleksi gəzərək soyqırımına həsr olunmuş stendlərlə tanış olublar. Ziyarət zamanı AzMİU tələbələrinə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Elm və təhsil 2022-03-31 15:24:00