×
A
A
A
Sazlamalar

Daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar xalqımızın başına gətirilən ən dəhşətli faciələrdəndir

Bakı, 31 mart, AZƏRTAC

104 il bundan öncə - 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrimizdə ovaxtkı Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox Azərbaycanlını amansızlıqla qətlə yetirib, on minlərlə insanı öz torpaqlarından qovub. Səbəb “böyük Ermənistan” köksüz xülyasının gerçəkləşdirilməsi istəyi idi. Dünya erməniliyi və havadarları bu xülyanı hərbi-siyasi, ictimai-siyasi, dini-mədəni plan şəklinə salmışdı. Erməni başbilənləri tarixin müxtəlif mərhələlərində “böyük Ermənistan” mifik ideyasını gerçəkləşdirmək üçün soydaşlarımıza qarşı etnik təmizləmə, köçə zorlama və soyqırımı aktları həyata keçiriblər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən sayılır. Həmin ağır günlərdə Bakı şəhərində, eləcə də ovaxtkı Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Erməni olmayan yaxud ermənilərin qanunsuz aktlarına qoşulmayan hər kəs işgəncələrə məruz qalıb. Yaşayış məntəqələrimiz yerlə bir edilib, yandırılıb, dağıdılıb. Xalqımızın qanına susamış vandallar mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edib. Sonrakı dönəmlərdə daha da azğınlaşan ermənilər erməni dövlətini qurmaq üçün (bu tarixdəki ilk erməni dövləti olacaqdı) hər cür qeyri-insani əməlləri tətbiq etməkdən çəkinməyib. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrimizdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib. Dinc azərbaycanlıların qırğınında toplam 10 min nəfərlik mütəşəkkil hərbi birliklər – Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, bədnam “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
“Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bu cümlələr ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzalamış olduğu “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandandır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə verilmiş Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər 1999-cu il martın 30-da Tədbirlər Planını təsdiq edib. Sözügedən Fərmanın imzalanması və Tədbirlər Planının təsdiqi məsələ ilə bağlı aparılan elmi araşdırmalara, habelə həqiqətin üzə çıxarılması yönündə çalışmaların artırılmasına təkan verdi. Bu Fərmandan sonra həmin tarixin öyrənilməsi yönündə önəmli işlər görülüb, sanballı əsərlər yazılıb və o əsərlərdən ən vacibləri xarici dillərə çevrilib. Bəlli olub ki, 1918-ci ilin mart-aprel aylarında (və sonrakı dönəmlərdə) ermənilərin həyata keçirdiyi qanlı aksiyaların coğrafiyası daha geniş və faciə qurbanlarının sayı qat-qat çox olub. Ötən illər içində aparılmış araşdırmalarla bir çox yeni faktlar və sənədlər toplanmış, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. 2007-ci ilin aprelində Qubada aşkarlanmış kütləvi məzarlıqdan tapılan insan cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda üzə çıxarılmış 500-dək insan kəlləsinin (onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aiddir) 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı aktının qurbanlarına aid olduğu elmi şəkildə sübuta yetirilib. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 30-da Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılması haqqında Sərəncam verib”, - deyə Komitə sədri qeyd edib.
Onun sözlərinə görə, Memorial Kompleks 2012-2013-cü illərdə tikilmiş və 2013-cü il sentyabrın 18-də rəsmi açılış mərasimi baş tutub. “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”, - deyə Prezident İlham Əliyev Memorial Kompleksin açılışı zamanı deyib.
Qənirə Paşayeva diqqətə çatdırıb ki, daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam Ulu Öndərin imzaladığı müvafiq Fərmandan, Tədbirlər Planından, habelə Memorial Kompleks haqqında Sərəncamdan irəli gələn işlərin davamı, soyqırımı həqiqətlərin öyrənilməsi və öyrədilməsi kursunun arasıkəsilməzliyinin ifadəsi idi. Sərəncam əsasında Azərbaycan Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş Tədbirlər Planını hazırlayıb həyata keçirdi, həmçinin Milli Məclis soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclas keçirdi. Bir sözlə, Sərəncam erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət etdi.
Komitə sədri qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş torpaqlarımızdakı kütləvi məzarlıqlar, vandallıqlar bir daha sübut edir ki, biz erməni faşizminə qarşı mübarizəmizi davam etdirməliyik. Hərb meydanında qazanılmış tarixi Zəfər elmi, siyasi, mədəni mübarizə ilə davam və inkişaf etdirilməlidir. Davam və inkişaf etdirilməlidir ki, bir də soyqırımları, dağıntılar, vandallıqlar baş verə bilməsin.

31 mart 2022-03-31 14:24:00