×
A
A
A
Sazlamalar

Mart soyqırımı unudulmamalı, xalqımızın qan yaddaşında həmişə yaşamalıdır

Ağdam, 31 mart, AZƏRTAC

1918-ci ilin mart soyqırımı XX əsrin misli görünməmiş cinayətlərindən və Azərbaycan tarixinin ən böyük faciələrindəndir. Bu faciə unudulmamalı, xalqımızın qan yaddaşında həmişə yaşamalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin və Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı keçirilən "31 Mart soyqırımını unutmayaq!" adlı tədbirdə səslənib. Ağdam rayon 129 nömrəli köçkün tam orta məktəbinin, Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yusifcanlı və Əliağalı kənd Mədəniyyət evlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond mühafizi Elçin Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Ramil Cavadov, 129 nömrəli köçkün tam orta məktəbinin tarix müəllimi Anar Quliyev və Əliağalı kənd Mədəniyyət evinin metodisti Aynurə Cəfərova çıxış edərək, XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıblar. Bildirilib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin hadisələr zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib. Soyqırımı nəticəsində otuz mindən çox azərbaycanlı həlak olub, minlərlə azərbaycanlı isə yurd-yuvalarından didərgin düşüb.
Diqqətə çatdırılıb ki, Sovet hakimiyyəti dövründə, təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi və bu soyqırımın dünyada tanıdılması üçün fəaliyyətə başlanıldı. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu.
Tədbirin sonunda Mart soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Regionlar 2022-03-31 12:09:00