×
A
A
A
Sazlamalar

Deputat: Ermənilər tarix boyu qeyri-insani əməllərlə yadda qalıblar

Bakı, 31 mart, AZƏRTAC
Erməni cinayətləri göstərir ki, onlar tarix boyu qeyri-insani əməllərlə yadda qalıb. Ermənilərin 1918-ci il mart-iyul aylarında boşeviklərin köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımı tarixdə insanlığa sığmayan cinayət kimi iz qoyub. Hadisələri diqqətlə analiz etdikdə görünür ki, ermənilər heç vaxt öz gücü ilə döyüşməyib. Hər zaman daha güclü qüvvələrə arxalanmış və onlarla əlbir olaraq çirkin əməllərini yerinə yetirmişlər. Yalnız 44 günlük Vətən müharibəsində onların hər zaman öyrəşdiyi kimi “güvəndiyi dağlar”ı köməyə yetmədi. Bu da Azərbaycan dövlətinin uğurlu hərbi və diplomatik siyasətinin nəticəsi idi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin nəticəsində ermənilərə kömək etmək istəyən, onların haqlı olmayan mövqeyini müdafiə etmək istəyən qüvvələr də susduruldu. Bizim bütün qüvvələrə dərs keçən dövlət başçımız var. Ermənistan rəhbərliyi isə yenə də tarix boyu iyrənc əməllərin icraçısı olan millətin varisi olduğunu sübut edərək dinc əhalini hədəfə aldı. Bunun özü bu düşmənin xislətinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.
Azərbaycan xalqının döyüş meydanında qələbə qazanan mübariz xalq olduğunu söyləyən deputat bildirib: “Vətən müharibəsi ərəfəsində erməni ordusunda yaşanan xaosu nəzərdən keçirəndə Azərbaycan əsgərinin gücündən necə qorxduqları aydın şəkildə görünür. Erməni heç vaxt döyüş meydanında hünər göstərməyib. Onlar yalnız insanlığa qarşı yönələn cinayətlərin mahir iştirakçısıdır. Bu da onların cinayətkar olduğunu deməyə əsas verir.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və xalqımızın hər bir nümayəndəsinin bu işdə iştirakını təmin etmək baxımından olduqca əhəmiyyətli idi. 26 mart 1996-cı il tarixli 690 saylı Fərmanda “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”, - deyə qeyd edilməsi ilə Ulu Öndərin sözügedən soyqırımı ilə bağlı qətiyyətli mövqeyi əks olunurdu. Bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bundan sonra Azərbaycan dövləti bəşər tarixində iz qoyan bu cinayətin araşdırılması və dünya ictimaiyyətinin məlumatlandırılması baxımından yeni mərhələnin icrasına başladı. Ulu Öndərin siyasi kursunu uğurla davam edən Prezident İlham Əliyev də soyqırımı ilə bağlı məsələni daim diqqətdə saxlayır və bütün zəruri işlər icra olunur. Dövlətin bu istiqamətdə fəaliyyəti hər baxımdan əhəmiyyətlidir.

 

31 mart 2022-03-31 11:12:00