×
A
A
A
Sazlamalar

31 Mart - tariximizin faciəli səhifəsi

Ağdaş, 31 mart, AZƏRTAC

Ağdaşda rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, N.Gəncəvi adına Ağdaş şəhər tam orta məktəbin iclas zalında təşkil olunan tədbirdə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “31 Mart - tariximizin faciəli səhifəsi” mövzusunda hazırlanan videofilm nümayiş etdirilib, iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan bukletlər paylanıb.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Qalib Həsənov, gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, N.Gəncəvi adına şəhər tam orta məktəbin tarix müəllimi Elza İbrahimova, Ağdaş Peşə Məktəbinin müəllimi Taleh Nəsirli, Ağdaş Dövlət Humanitar Kollecinin direktor müavini İlqarə Rüstəmova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Asif Ədilov çıxış edərək gənclərə ermənilər tərəfindən zaman-zaman törədilən soyqırımları barədə geniş məlumat veriblər. Vurğulanıb ki, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı tariximizin faciəli səhifələrindən birdir. 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımının tarixi, səbəbləri barədə danışılaraq, xalqımızın zaman-zaman qarşılaşdığı bəlalardan bəhs edilib.
Tədbirdə ötən əsrin sonlarında on minlərlə azərbaycanlının qətlindən, əsrin faciəsi olan Xocalı soyqırımından, Azərbaycan torpaqlarının 20 faizinin işğalından da ətraflı danışılıb. Habelə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, ermənilərə vurulan “dəmir yumruq”dan ətraflı bəhs olunub.

Regionlar 2022-03-31 10:59:00