×
A
A
A
Sazlamalar

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və 44 günlük Vətən müharibəsi

Bakı, 31 mart, AZƏRTAC

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Artıq bu gün bütün dünya ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan, qalib Lider İlham Əliyev tarixi hadisələrə “Dəmir yumruq” siyasəti ilə erməni faşistlərinin və ona dəstək olanların iç üzünü Vətən müharibəsində bir daha gördü. 44 günlük Vətən müharibəsində Gəncə və Bərdə şəhərlərinə atılan bombalar nəticəsində 54 nəfər həyatını itirdi, 195 nəfər isə yaralandı. Ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməklə vandal, nasist simalarını bütün dünyaya bir daha nümayiş etdirdilər.
Bu fikirlər YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevin “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və 44 günlük Vətən müharibəsi” sərlövhəli məqaləsində yer alıb.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir

Ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Bu cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bu soyqırımı aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayətdir. Təxminən iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşdirilməsi yolunda atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da zaman-zaman azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84, Nor-Bəyazid qəzasında 7, ümumiyyətlə, 197 kənd dağıdılıb, sakinləri ən vəhşi üsullarla qətlə yetirilib. 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. 1918-ci il martın 31- də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edirdi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi

31 Mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirilib ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir. Bununla yanaşı, üç il əvvəl Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Bir sözlə, bu Sərəncam Azərbaycan Prezidentinin dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirdiyinin reallığıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, faşist ideologiyasına xidmət edən ermənilər Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Hər zaman saxta faktlar yaradaraq tarixi saxtalaşdırmağa çalışıblar. Prezident İlham Əliyev qeyd etdiyi kimi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ermənilərin şəbəkələri saxta məlumat yaymaqla məşğuldurlar və olmayan şeyləri reallıq kimi qələmə verirlər. Əlbəttə, hər bir azərbaycanlı düşmənin məkrli siyasətinə qarşı ayıq olmalı, dövlətin atdığı addımların arxasında olmalıdır. Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Artıq bütöv Azərbaycan var və Böyük Qayıdışın astanasındayıq. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 Mart soyqırımı qurbanlarının qisasını aldı. Ümid edirik ki, özlərini demokratiyanın beşiyi olaraq qəbul edən Qərb dairələri, nəhayət, bu reallıqlara gözünü açacaq və bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 Mart soyqırımına layiqli hüquqi qiyməti verəcəkdir.
Allah soyqırımı qurbanlarının ruhunu şad etsin!

31 mart 2022-03-31 11:24:00