×
A
A
A
Sazlamalar

31 Mart soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Ədalət Abbasov adına 257, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəblərdə Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, rayonun ərazisində yerləşən 171 və 257 saylı məktəblərin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Roza Rüstəmova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, eləcə də rayonda yerləşən 245 və 64 saylı məktəblərinin direktorları, Xətai rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov və başqaları iştirak ediblər.
İştirakçılar əvvəlcə 31 Mart soyqırımı qurbanlarının, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət diləyiblər.
Tədbirlərdə çıxış edənlər 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədiblər. Vurğulanıb ki, XX əsrin əvvəllərində erməni millətçilərinin Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə amansız divan tutublar. “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədiblər. Nəticədə dinc əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb, milli mədəniyyət abidələri məhv edilib. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsinə məhəl qoymadan qətliam həyata keçirilib.
Vurğulanıb ki, daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımlarını beynəlxalq aləmə çatdırmaq və xalqımızın yaddaşına həkk etdirmək məqsədilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu sənəd erməni vəhşilikləri ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib.
Diqqətə çatdırılıb ki, bu gün tariximizin daha dərindən öyrənilməsi, gələcək nəsillərə çatdırılması qarşıda dayanan əsas vəzifələr sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqsədi açıqlayır ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, vətənpərvər olmalı, tariximizi yaxşı öyrənməlidirlər. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının zəngin tarixinin təbliği istiqamətində atdıqları addımların, həyata keçirdikləri tədbirlərin miqyası olduqca genişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də bunun təsdiqidir. Vurğulanıb ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan, eyni zamanda, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu, tarixinə sahib çıxan xalq olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində bir daha sübut etdi.
Tədbirlərdə məktəblilərin ifasında erməni vəhşiliklərinə şahidlik edən soyqırımı aktlarına həsr olunmuş şeirlər səsləndirilib, həqiqətlərimizin təbliğinə yönələn səhnəciklər təqdim edilib.

31 mart 2022-03-30 19:51:00