×
A
A
A
Sazlamalar

Soyqırımı xalqımızın yaddaşında dərin iz buraxıb

Ağsu, 30 mart, AZƏRTAC

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ planlaşdırılan belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər Ağsuda Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Dini Qurumlar üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirilən yığıncaqda səsləndirilib. Çıxışlarda vurğulanıb ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 ildən artıq zaman ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşından silinməyib.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Çıxışlarda ötən əsrin 90-cı illərində erməni ordusunun Azərbaycana hücumu, törədilən vəhşiliklər barədə danışılıb, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən söz açılıb.
Tədbirin sonunda ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edən 18 dəqiqəlik qısametrajlı film nümayiş olunub.

Regionlar 2022-03-30 17:55:00