×
A
A
A
Sazlamalar

Mart soyqırımı XX əsr tarixinin ən qanlı səhifələrindəndir

Beyləqan, 30 mart, AZƏRTAC

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Yaddaşlara həkk olan qətliam" adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşə məktəbinin tələbələrinin, gənclərin, eləcə də mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin elmi-işçisi Mədinə Rzayeva çıxış edərək, 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar barədə məlumat verib. Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımları XX əsr tarixinin ən qanlı səhifələrindəndir.
Qeyd olunub ki, uzun illər ərzində bu acı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmayıb və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Mərkəzin əməkdaşı Vəfa Zamanovanın “Mart soyqırımı erməni xislətinin və nifrətinin göstəricisidir” adlı məruzəsi dinlənilib. Məruzə və digər çıxışlarda ermənilər tərəfindən ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilən qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs olunub.
Sonda Mart soyqırımına həsr olunmuş “Sündü” qısametrajlı filmi nümayiş etdirilib.

Regionlar 2022-03-30 18:07:00