×
A
A
A
Sazlamalar

Vüqar Rəhimzadə: 1918-ci ilin Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir

Bakı, 30 mart, AZƏRTAC

Faktlara əsaslanan tarix heç zaman saxtakarlığı qəbul etmir, eyni zamanda, heç nəyi də silmir. Baxmayaraq ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib saxta tarix yazmaqla beynəlxalq aləmdə özlərini “yazıq, məzlum, döyülən və əzilən xalq” kimi bir çox məqamlarda tanıtmağa nail olsalar da, amma bir reallığı unudublar ki, belə saxta tarixlə yalnız müəyyən zaman çərçivəsində yalanlarını həqiqət kimi qəbul etdirə bilərlər. Halbuki, fakt tələb olunanda ermənilərin acizlikləri diqqətdən kənarda qalmır. Necə ki, qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürərək bunu havadarlarının dəstəyi ilə bir çox dövlətlərə qəbul etdiriblər. Lakin Türkiyə rəsmiləri bu məsələ ilə bağlı arxivlərin açılmasını və tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılmasını tələb edəndə işğalçı Ermənistanın rəhbərliyi bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bildirərək nə qədər aciz duruma düşdüklərini, siyasi savadsızlıqlarını təsdiqləyiblər. Bu baxımdan deyə bilərik ki, araşdırmaların nəticəsi olan hər bir tarixi fakt 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş olduğuna işıq salır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə bu reallığı da diqqətə çatdırıb ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini beynəlxalq aləmə çatdırmaq və milli yaddaşımıza əbədi həkk etdirmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin sənəd əsasında martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda da qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbt edilməsi ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci ilin Mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev 30 mart 1999-cu ildə Tədbirlər planı təsdiq etmişdir. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin erməni vəhşiliklərinin faktların dili ilə beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar da göz önündədir. Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, dövlət başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı ermənilərin törətdikləri faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardandır. Hər iki sənəd Azərbaycanın zəngin tarixinin öyrənilməsində və təbliğində böyük rola malikdir.
“Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə dolğun siyasi qiymət verilib.
Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Ümummilli Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdur ki, tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısı alınmalıdır. Tarixi araşdırmaların daha da genişləndirilməsi, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılması ən vacib məsələ kimi önə çəkilmişdir. Azərbaycanın çox zəngin tarixə malik olduğunu qeyd edən Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təbliğ etməliyik. Özlüyündə yaranan “Nəyə görə” sualına cavab olaraq dövlətimizin başçısı bildirir ki, ilk növbədə, bizi tanısınlar, nə qədər zəngin tariximizin olduğunu görsünlər. Digər tərəfdən, Azərbaycana qarşı təxribatlar aparılır. Ermənilər Azərbaycan tarixini təhrif etməyə çalışırlar. Tariximiz bizim böyük sərvətimizdir.
YAP Xətai rayon təşkilatının sədri erməni vəhşiliyinin bariz nümunələrindən biri kimi Xocalı faciəsini də xüsusi qeyd edərək deyib: “Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Bu səhifələri vərəqlədikcə tarixdən dərs almaq bir zərurət kimi qarşımızda dayanır. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu günə qədər dünyanın əksər dövlətlərinin erməni sevgisi, həqiqətdə isə öz maraqlarını reallaşdırmaq üçün bu xain toplumdan bir vasitə kimi istifadə etmələri ilə bağlı məqamlara bir daha işıq saldı. Bu mesaj ünvanlandı ki, ədaləti arxa plana keçirmək, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etmək problemə düzgün yanaşma deyil. Belə hallar dünya güclərinə qarşı bir etimadsızlıq mühitini yaradır. Hazırda ölkəmizə səfər edən qonaqların, turistlərin üz tutduqları ünvanlardan olan Quba kütləvi məzarlığı da dünya ictimaiyyətinə yaxın tariximizdə baş vermiş faciələrlə bağlı bütün məqamları tam dolğun şəkildə çatdırır. Quba məzarlığında tapılan insanların qalıqları üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılmışdı. Məzarlıqda 500-dək insanın kəllə sümüyü var idı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən artığı qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradıldı”.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycanın tarixi faktlara əsaslanan təbliğatı, diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Şanlı Qələbəmizdən sonra paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı, Gəncədə yaradılacaq memorial kompleks, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə dil açan hər bir daş, qaya erməni vəhşiliklərinə və onlara kimlərin havadarlıq etməsinə şahidlik edir. Reallıq budur ki, həqiqəti ört-basdır etmək, ədaləti maraqların arxasında gizlətmək mümkünsüzdür. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqlədi.

31 mart 2022-03-30 18:02:00