×
A
A
A
Sazlamalar

Ramil Orucov: 31 mart soyqırımı heç vaxt unudulmayacaq bəşəri cinayətdir

Bakı, 30 mart, AZƏRTAC

1918-ci il martın 31-də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər - soyqırımı öz amansızlığına, qəddarlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, bütün yaxşılıqlarına terror və separatçılıqla, soyqırımları törətməklə qarşılıq veriblər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov deyib.
O bildirib ki, Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olublar. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədilə tarixi saxtalaşdıran, süni xülyalardan ruhlanan erməni təcavüzkarları, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri “Daşnaksütyun” partiyasının iştirakı ilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilir, insanlar işgəncələrə məruz qalırlar. Yaşayış məntəqələri dağıdılır, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Gəncə və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.
Ramil Orucov qeyd edib ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Mənfur erməni millətçiləri bütün dünyanı uydurduqları yalanlarla aldadaraq saxta “erməni soyqırımı” anlayışını gündəmdə saxlamağa çalışıblar. Özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma “əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub.
“Haqq nazilər, amma qırılmaz” deyiblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara işıq saldı. Nəhayət, həqiqət anı yetişdi. Hər bir azərbaycanlının çoxdan gözlədiyi tarixi ədalət isə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan tarixi Zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımının, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində alındı”, - deyə Ramil Orucov diqqətə çatdırıb.

31 mart 2022-03-30 15:48:00