×
A
A
A
Sazlamalar

1918-ci ildə baş verən soyqırımı qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktıdır

Bakı, 30 mart, AZƏRTAC

1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib.
Erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu vurğulayan Ramil Vəlibəyov deyib: “Mənfur qonşularımız ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər, yüz minlərlə insanı amansızlıqla qətlə yetiriblər. Elə erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soyqırımı, qanlı talan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda, o cümlədən digər bölgələrimizdə həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətliamlara məruz qalması ermənilərin Qafqazda məskunlaşmaları üçün açar rolunu oynayıb. Əlbəttə ki, 1918-ci ildə baş verən soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktıdır və bu hadisə xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutur”.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından mühüm sənəd, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmaması üçün Ulu Öndərin müəyyən etdiyi proqramdır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verib və memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib, 2013-cü il sentyabrın 18-də açılıb. Eyni zamanda, Prezident İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalayıb.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazanmaqla, torpaqlarımızı düşmən tapdağından azad edib və soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını da alıb.

31 mart 2022-03-30 14:09:00