×
A
A
A
Sazlamalar

Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək qətliam – 31 Mart soyqırımı

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayonda yerləşən 269 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, tarix boyu təcavüzkar siyasət həyata keçirməklə məşğul olan, qanlı və cinayətkar əməllər törədən, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı (1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə və s.) erməni millətçiləri tərəfindən dəfələrlə hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.
Vüqar Rəhimzadə qeyd edib ki, 31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab edilir.
YAP Xətai rayon təşkilatının sədri deyib ki, ermənilərin iki əsrdir azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin ətraflı öyrənilməsi və tədqiqi, həqiqətlərin xalqımıza və dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyət yalnız ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanından sonra sistemli şəkildə həyata keçirilib. Ümummilli Liderin bu Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlətimizin başçısının 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
“Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübut etdi ki, Azərbaycan yerləşdiyi bölgədə əsas söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır”, - deyə Vüqar Rəhimzadə bildirib.
Sonra çıxış edən 269 nömrəli tam orta məktəbin direktoru Alla Vəzirova 31 mart tarixinin son yüz ildən artıq müddətdə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqımızın yaddaşındakı qanlı izləri özündə əks etdirdiyini deyib. Vurğulayıb ki, azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. Diqqətə çatdırılıb ki, bu soyqırımına əsl hüquqi-siyasi qiyməti isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə hüquqi qiymətin verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra məktəbin tarix müəllimi Ruhiyyə Orucova XX əsrin ən dəhşətli faciələrindən biri olan 1918-ci ilin Mart soyqırımı ilə bağlı ətraflı məlumat verib.
Tədbirdə məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə ən qanlı terror aktlarını pisləyən şeirlər səsləndirilib, soyqırımının acı həqiqətlərini əks etdirən səhnəciklər nümayiş etdirilib.

31 mart 2022-03-29 18:56:00