×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Qafqaz Müsəlmanları İdarəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçılarını salamlayıb, Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, xalqımıza və dövlətimizə uca Allahdan xeyir-dualar diləyib.
Sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirildiyini xatırladan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, bu qanlı tarix – 1918-ci ilin Mart soyqırımı Bakı şəhərində və müxtəlif bölgələrimizdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları ehtiva edir. Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Lakin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çeviriblər. Azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının törədilməsi ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti yaratmaq idi. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə dırnaqarası "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlının öz ata-baba yurdundan deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. Görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər – 250 mindən çox azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılmış, təhrif edilən hadisələr əsl qiymətini almışdı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Qafqazın tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyalarla birgə dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara illərdir etdiyi müraciətlərdə Azərbaycan xalqına qarşı törədilmiş ədalətsizliklərə tarixi qiymətin verilməsinə, həyata keçirilmiş qətllərin bütöv xalqa qarşı planlı surətdə reallaşdırılan soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını deyən şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, bu il də birgə müraciəti məqamlarına ünvanlanıb, mətbuat vasitəsilə və Xarici İşlər Nazirliyi xətti ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
“Soyqırımı kimi bəşəri cinayətlərin bir daha heç vaxt təkrarlanmaması üçün bu müraciətlər, ədalətin bərqərar olması həddən artıq vacibdir. Şükürlər olsun ki, Azərbaycan xalqı 44 günlük haqq mübarizəsi - Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanının rəhbərliyi, qəhrəman Ordusunun rəşadəti sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, Qarabağı erməni işğalından qurtardı. Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda vaxtilə erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələrinə və ziyarətgahlarına yeni həyat verir. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin Qarabağa hər səfəri zamanı dövlət əhəmiyyətli obyektlərin təməlinin qoyulması ilə yanaşı, dini-mənəvi abidələrin təmir, bərpa edilməsi və yenidən qurulması ilə bağlı əsaslı layihələrin gerçəkləşdirilməsinə hamı şahiddir. Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına olan təhlükənin qarşısının alınmasını vacib sayırıq. Qocalar, qadınlar, uşaqların qaçqın taleyi yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması üçün biz dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırıq. Bu torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin istəyidir”, – deyə şeyxülislam Allahşükür Paşazadə qeyd edib.
Bildirilib ki, zaman-zaman xalqımıza qarşı etnik təmizləmə, maddi və mənəvi terroru gerçəkləşdirmiş erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. UNESCO mütəxəssislərinin səfəri ertələnir. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbiristanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edir. Bu, Azərbaycana qarşı uzun illər davam etmiş ikili yanaşmanın daha bir mənfur nümunəsidir. Avropa Parlamentinin martın 10-da Azərbaycanla bağlı qəbul etdiyi, tamamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik, ədalətin pozulmasıdır. Biz, Azərbaycandakı dini konfessiya başçıları Avropa Parlamentinin Azərbaycanla bağlı iftira xarakterli bu qətnaməsini qətiyyətlə pisləyirik.
Tədbirdə, eyni zamanda, diqqətə çatdırılıb ki, Avropa Parlamentinə ünvanlanmış bəyanatda birgə iradə ifadə edilib, Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnamənin ləğvi tələb olunub. Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülhə, yenidənqurmaya və birgəyaşayışa töhfə verməyə çalışmaq əvəzinə ədalətsiz yanaşmaların davam etdirilməsi qəbuledilməzdir.
Dünya ictimaiyyətinin Azərbaycanın haqlı iddialarını – ədaləti dəstəkləyən dövlətlərə və beynəlxalq qurumlara təşəkkürünü ifadə edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən tədbirində Ermənistanın Azərbaycana təcavüzünə dair qəbul olunmuş 4 qətnamə bütün dünya üçün bəşəri ədalət nümunəsidir. Həmin sənədlərdə, özəlliklə, işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə xüsusilə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
Vurğulanıb ki, ermənilər Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmə yaydıqları dezinformasiyadan uzaqlaşaraq, işğal dövründə Qarabağ torpaqlarında və vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsi nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalı, 4 minə yaxın əsir, itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirməlidirlər. Azad olunmuş ərazilərimizdə bu gün kütləvi məzarlıqlar aşkar olunur, üstü açılmamış cinayətlərin izləri üzə çıxır. Azad olunmuş ərazilərimizin ermənilər tərəfindən minalanmış vəziyyətdə olması, yandırılmış torpaq siyasəti kimi müharibə cinayəti törədilməsi səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı yubanır, yüzdən artıq mülki insan minalara düşərək ya həlak olur, ya ömürlük əlil qalır. Təəssüflər olsun ki, bütün bu hadisələrə Erməni Apostol Kilsəsi nəinki susur, qınamır, əksinə, revanşizm əhval-ruhiyyəsini daha da alovlandırır. Avropa Parlamenti isə nüfuzlu beynəlxalq qurum olaraq, heç şübhəsiz ki, məhz bu reallıqlara dair öz prinsipial mövqeyini nümayiş etdirməlidir.
Sonra Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz bəyanatı səsləndirilib.

Din 2022-03-29 18:18:00