×
A
A
A
Sazlamalar

Niderlandda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş konfrans keçirilib

Haaqa, 29 mart, AZƏRTAC

Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) vitse-prezidenti Sima Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi 1918-ci il 31 mart soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri, insanlığa, humanizmə qarşı törədilən cinayət olmasının unutdurmamaq və yerli ictimaiyyəti bu faciə ilə bağlı məlumatlandırmaqdır.
Konfrans Azərbaycanın və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 1990-cı illərdə və 2020-ci ildə Vətən müharibəsi, eləcə də bu müharibələrdə deportasiya və soyqırımlar zamanı həyatını itirmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirin əsas məqsədi barədə danışılıb. Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva XX əsrin əvvəllərindən xalqımızın başına gətirilən müsibətlərin, soyqırımların səbəb və nəticələri haqqında ətraflı məlumat verib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsindən, Azərbaycanın dünyanın siyasi və iqtisadi arenalarında özünü güclü dövlət və xalq kimi təsdiq etməsindən danışıb.
Tədbirə onlayn formatda qoşulan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının sədri, deputat Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycanda törədilən deportasiya və qırğınlardan söz açıb. O, sovet ordusunun köməyi ilə torpaqlarımızı işğal edərək viran qoyan, azərbaycanlı uşaqları, ahılları qətlə yetirən erməni daşnaklarının hiyləgər planlarından danışıb. Həmçinin ermənilər tərəfindən viran qoyulmuş mədəni irsimiz, memarlıq inciləri, adları dəyişdirilmiş və erməniləşdirilmiş toponimlərimiz haqqında məlumat verib.
Konfransda Niderland Türk Azərbaycan Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın da çıxış edib.
Sonra Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması belə mühüm mövzuya həsr edilmiş konfransın təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədr müavini və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya, “Qərbi Azərbaycanlıları Toponimləri” kitabının holland dilinə tərcümə etdiyinə görə BAK mətbuat katibi Gülnarə Əliyevaya təşəkkürnamələr təqdim edilib.
Sonda Qərbi Azərbaycandan qovularaq doğma yurdlarından didərgin salınmış və Niderlandda məskunlaşmış soydaşlarımız ermənilərin onlara yaşatdığı dəhşət və sarsıntılardan danışıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

31 mart 2022-03-29 17:41:00