×
A
A
A
Sazlamalar

Azərbaycanlılara qarşı soyqırımı siyasəti məqsədyönlü şəkildə davam etdirilir

Qax, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC

Son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 29-da Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə keçirilən “31 Mart – yaddaşımızdan silinməyən soyqırımı” adlı konfransda səsləndirilib.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı Qax rayon MKS-nin direktoru Güllü Əhmədova açaraq, Azərbaycan xalqına qarşı yüzillər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti, tarixi kökləri və acı nəticələri barədə məlumat verib. Bildirilib ki, ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti ötən əsrin sonlarında da məqsədyönlü şəkildə davam etdirilib, xalqımız 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.
Qeyd olunub ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən müharibədə əzəli Qarabağ torpaqlarımızın erməni faşizmindən birdəfəlik azad edilməsinə nail olub.
Konfransda Mərkəzi kitabxananın biblioqrafı Ruhiyyə Nəcəfova və şöbə müdiri Reyhan Xəlilovanın mövzu ilə bağlı məruzələri dinlənilib. Çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Regionlar 2022-03-29 16:14:00