×
A
A
A
Sazlamalar

Deputat: Erməni cəlladlarının əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırımı siyasəti cavabsız qalmayıb

Bakı, 29 mart, AZƏRTAC

31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Bakıda soyqırımı planı hələ 1917-ci ildən Daşnaksütyun partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, ermənilər tərəfindən törədilən bu soyqırımı zamanı minlərlə insan etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdı. Ermənilər meyitləri dənizə və quyulara atırdılar ki, cinayətin izlərini itirsinlər. Həmin dövrün araşdırmalarından, tarixi sənədlərindən məlumdur ki, Bakı şəhərinin əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdi. Ermənilər uzaqvuran toplarla Təzəpir məscidini zədələmişdilər. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasına da od vurub yandırmışdılar.
S.Mikayılova qeyd edib ki, ermənilərin Bakı şəhərində başlanan vəhşilikləri o zaman Azərbaycanın bütün ərazisinə yayıldı, Birinci Dünya müharibəsindən sonra davam edən mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Mart soyqırımları təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri kimi qaldı.
S.Mikayılovanın sözlərinə görə, erməni cəlladlarının əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmayıb. Haqqı tapdalanan, qətlə yetirilən, işgəncə görən dinc azərbaycanlıların qisası döyüş meydanında alınıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu xain düşmənin cavabını bütün müharibə qaydalarına uyğun şəkildə döyüş meydanında verdi.
Milli Məclisin deputatı, həmçinin bildirib ki, 31 Mart Azərbaycan xalqının qan yaddaşıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu faciənin araşdırılması və həqiqətlərin dünyaya çatırılması işi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir. Çünki geniş ictimaiyyətin əsl həqiqətləri bilməsi bu cür erməni cinayətlərinin təkrarlanması üçün çox vacibdir.

31 mart 2022-03-29 14:03:00