×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universitetində “31 mart soyqırımı – 1918” mövzusunda beynəlxalq konfrans

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) “31 mart soyqırımı – 1918” mövzusunda beynəlxalq konfrans keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Cəbi Bəhramov “Azərbaycan xalqına qarşı 1918-cı il mart soyqırımı cinayətləri: tarix və müasir dövr”, həmin institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov “31 mart soyqırımının yekunları və nəticələr”, ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “1918-ci il mart soyqırımı: səbəblər və nəticələr”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart soyqırımının dünyada tanıdılması istiqamətində problemlər və perspektivlər” mövzularında məruzə ilə çıxış ediblər. Bildirilib ki, 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Bu soyqırımı aktının törədildiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz iz qoyub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Konfransa onlayn qoşulan Türkiyə Respublikası Tarrus Universiteti Bəşəri və ictimai elmlər fakültəsinin dekanı Qiyas Şüküroğlu, ADU Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Aynur Babaşova soyqırımlarının tarixi kökləri və multikultural dəyərlərə təsirindən bəhs ediblər.
Türkiyəli jurnalist Zeynep Batimor soyqırımlarının ictimai-siyasi səbəblərini qabardıb, Xocalı soyqırımına həsr etdiyi kitabın yazılma tarixindən danışıb.
Konfrans diskussiya ilə davam edib.

Elm və təhsil 2022-03-29 12:17:00