×
A
A
A
Sazlamalar

Lobyanın tərkibində çoxlu miqdarda lif, zülal və digər qida maddələri var

Bakı, 28 mart, AZƏRTAC

Paxla ucuz, doydurucu və universaldır, xüsusilə lobyada sağlamlığı təmin edən çoxlu miqdarda lif, zülal və digər qida maddələri mövcuddur. AZƏRTAC paxlanın faydaları haqqında tibbi saytlara istinadla məlumat verir.
Lobya əla zülal mənbəyidir. O, ən yaxşı bitki zülal qaynaqlarından biridir. İnsan orqanizminin hər gün zülala ehtiyacı var, məhz o, saç, dırnaq, dəri, əzələ, vətər, bağlar, daxili orqanların toxumalarının möhkəm strukturunu təmin edir.
O, fol turşusu ilə zəngindir. Fol turşusu (vitamin B9) bədənə oksigeni ağciyərlərdən digər toxumalara daşıyan sağlam qırmızı qan hüceyrələrini istehsal etməyə, həmçinin karbohidratları hüceyrələrin enerjinin alınması üçün istifadə etdiyi qlükozaya çevirməyə kömək edir. Bundan əlavə, hamiləliyin ilkin müddətində ondan adekvat şəkildə istifadə olunması tövsiyə olunur.
Çəkini saxlamağa və arıqlamağa kömək edir. Lobya arıqlamaq üçün ən faydalı qidalardan biridir: onun tərkibində yağ və kalori azdır, zülal və lif isə çoxdur. Zülal və lif çəkinin azalması üçün ən vacib iki qida maddəsidir - onlar uzun müddət ərzində toxluq hissini saxlamağa və qəlyanaltıdan çəkinməyə kömək edir.
Ürək üçün faydalıdır. Lobyanın tərkibində ürək fəaliyyətini dəstəkləyən bir çox qida maddəsi var - fol turşusu, maqnezium, lif. Onun qəbulu qanda homosistein amin turşusu səviyyəsini azaltmağa kömək edir. Qanda yüksək homosistein miqdarı olduqda insan ürək xəstəlikləri, insulta məruz qalır.
Qanda xolesterinin səviyyəsini aşağı salır. Lobyanın tərkibindəki lif, xüsusən də həll olunan lif aşağı sıxlıqlı lipoproteinin (LDL) qana udulmasını azalda bilər. LDL, həmçinin "pis" xolesterin kimi tanınır, o, damarların divarlarında yığılaraq onların sərtləşməsinə və daralmasına səbəb olur və nəticədə hipertoniyaya səbəb olur.
Qanda şəkərin səviyyəsini tənzimləyir. Lobya şəkərin qanda mənimsənilməsi prosesini yavaşladan həll olunan lif sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edir. Bundan əlavə, paxlalı məhsul aşağı qlikemik indeksə malikdir (Gİ) – bu, o deməkdir ki, qanda şəkərin səviyyəsinin kəskin sıçrayışına səbəb olmayacaq.
İltihabdan qoruyur. Lobya və digər paxlalı bitkilərin ən yaxşı xüsusiyyətlərindən biri onların tərkibində C, B1, E və K kimi yüksək miqdarda vitaminlərin olmasıdır. Bu vitaminlər sağlam hüceyrələri iltihabdan və zədələnmədən qoruyaraq antioksidant rolunu oynayır. İltihab və hüceyrə zədələnməsi xərçəng də daxil olmaqla, xroniki xəstəliklərin əsasında dayanır.

Sağlamlıq klubu 2022-03-28 18:45:00