×
A
A
A
Sazlamalar

BDU-da I Milli Texnologiya Sərgisi keçiriləcək

Bakı, 18 mart, AZƏRTAC

Martın 30-da Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə I Milli Texnologiya Sərgisi keçiriləcək. Azərbaycanda Elm Gününə həsr olunacaq sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırlanmış müxtəlif innovasiya və texnologiya layihələri nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, sərgidə aşağıda qeyd edilən sahələr üzrə layihələr nümayiş olunacaq:
– Proqramlaşdırıla bilən mikrosxemlər (Arduino, Raspberry Pi) və onların əsasında hazırlanmış ağıllı həllərin müxtəlif sahələrdə tətbiqləri;
– Əşyaların interneti (IoT) və maşından maşına (M2M) texnologiyaları əsasında “Smart Life” – “ağıllı” şəhər və kənd konsepsiyası layihələri;
– Modelləşdirmə və 3D çap texnologiyaları;
– Proqramlaşdırma və internet texnologiyaları.
Sərgi iştirakçısı olan komandalar tərəfindən öz layihələrinin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim ediləcək.

Texnologiya 2022-03-18 17:56:00