×
A
A
A
Sazlamalar

Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar

Bakı, 18 mart, AZƏRTAC

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və digər hərbi qurumların yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən 30 ilə yaxın işğal altında olmuş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Görüşlərdə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlərdə qazandığı uğurlardan, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, qüdrətli Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən bəhs olunub. Qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Eyni zamanda, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xüsusi vurğulanıb, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.
Sonra şəxsi heyətə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təbriki çatdırılıb. Görüşlərdə, həmçinin hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb. Hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda Novruz tonqalları alovlandırılıb.

Ordu 2022-03-18 12:18:00