×
A
A
A
Sazlamalar

Azərbaycan məktəblərində “İnformasiya texnologiyaları sinifləri”nin sayı artırılır

Bakı, 17 mart, AZƏRTAC

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məktəblərdə “İnformasiya texnologiyaları sinifləri”nin genişləndirilməsi üçün hazırlıqlara başlanılıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, növbəti tədris ilində bu siniflərdə şagird sayının 1000 nəfəri əhatə etməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İnformasiya texnologiyaları sinifləri” layihəsinə start verilib. Bu siniflərdəki dərslərə qeyd olunan şəhər məktəblərinin Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb edilib. Dərslərin əsas məqsədi intensiv informasiya texnologiyaları hazırlığı və şagirdlərin müvafiq peşələrə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Təlim keçmiş müəllimlər tərəfindən dərslərdə şagirdlərə “Python”da alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir.
Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 min şagirdi əhatə edir.

Texnologiya 2022-03-17 16:34:00