×
A
A
A
Sazlamalar

“Süni intellekt və data elmi” intensiv təlim proqramına qeydiyyat başlanıb

Bakı, 17 mart, AZƏRTAC

Ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədilə Təhsil İnstitutu tərəfindən “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi həyata keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahənin ekspertləri tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcək və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.
3 aylıq intensiv təlim proqramının sonunda iştirakçılar “Python” və “SQL” proqramlarından sərbəst şəkildə istifadə etmək, araşdırma sualları formalaşdırmaq və statistik analiz apararaq bu suallara cavab tapmaq, “Python” və “Tableau” proqramları vasitəsilə verilənləri viziuallaşdırmaq, “Machine Learning” modellərindən istifadə edərək analiz və hesablamalar aparmaq və “Dərin öyrənmə” (Deep learning) alətləri əsasında biznes proseslərini optimallaşdırmaq kimi bilik və bacarıqlara yiyələnəcəklər.
Proqram ingilis dilində tədris olunacaq. Təlim proqramında iştirak etmək üçün namizədlərdən yaxşı səviyyədə ingilis dili bacarıqlarının, riyazi biliklərinin, STEM ixtisaslarında təhsil alması və data elminə maraqlı olması tələb edilir. Proqramlaşdırma biliklərinin olması arzuolunandır. Proqram əsasən bakalavr, magistratura tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. Data elminin əsaslarını öyrənmək və gələcəkdə peşəkar data mütəxəssisi olmaq istəyən tələbələr aprelin 5-dək qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar. Proqrama iştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur.
Proqramla bağlı daha ətraflı məlumat almaq üçün institutun Təhsildə innovasiyalar şöbəsinin elektron poçt vasitəsilə ([email protected]) əlaqə saxlamaq mümkündür.

Texnologiya 2022-03-17 11:35:00