×
A
A
A
Sazlamalar

Təhsil İnstitutunun kibertəhlükəsizlik üzrə təlimini 60 tələbə uğurla başa vurub

Bakı, 15 mart, AZƏRTAC
Elektron hökumətin inkişafı, maliyyə, neft və kənd təsərrüfatı sektorlarında kompüterlə idarə olunan sistemlərin tətbiqi və ümumilikdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarına artan maraq kibercinayətlər və onlarla mübarizə mövzularını aktuallaşdırıb. Son illərdə ölkəmizdə kibercinayətkarlıqla mübarizə istiqamətində aparılan işlər geniş vüsət alıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutu Təhsil Nazirliyinin dəstəyi ilə 2019-cu il dekabrın 6-da ölkəmizdə “Kibertəhlükəsizlik” təlim layihəsinə start verib. Layihənin əsas məqsədi əmək bazarında tələb olunan kibertəhlükəsizlik mütəxəssislərinin qısa müddətdə hazırlanaraq iş həyatına başlaması, həmçinin ölkə üzrə kibertəhlükəsizlik mütəxəssisləri icmasının formalaşması və şəbəkələşməsinə töhfə verməkdən ibarətdir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihədə iştirak etmək üçün ciddi rəqabət müşahidə olunan seçim mərhələsində iştirakçılar üçün əsas iki tələb qoyulub. Onlardan biri yüksək səviyyədə ingilis dili biliklərinə sahib olmaq, digəri isə informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil almaqdır. Bu günədək layihədə iştirak üçün 594 nəfər müraciət edib. Onlardan 12 müxtəlif ali təhsil müəssisəsini təmsil edən 100 tələbə ikimərhələli (imtahan və müsahibə) seçim prosesindən uğurla keçərək təlimlərdə iştirak edib. Artıq tələbələrin 60-ı təlimi uğurla başa vurub, 40 nəfər isə təlimlərdə iştirakını davam etdirir. Təlimlərin keçirilməsi üçün Təhsil Texnologiyaları Mərkəzində 21 işçi yerindən ibarət kompüter laboratoriyası qurulub, müvafiq proqram təminatı ilə təchiz edilib, virtual laboratoriyalar yaradılıb və ixtisaslaşmış platformalardan istifadə hüquqi təmin edilib. Təlimlər Böyük Britaniyada təhsil alıb orada çalışan mütəxəssislər tərəfindən verilir. Təlimlər qrup şəklində bir qrupda 20 tələbə olmaqla təşkil edilir. Hər bir qrup üçün təlim müddəti 6 ay olaraq müəyyən edilib. Təlimlər 1 ay intensiv şəkildə keçirilir. Növbəti 5 ay müddətində isə tələbələr müxtəlif onlayn laboratoriyalarda verilmiş tapşırıqları yerinə yetirirlər. İntensiv təlim zamanı tələbələrə “Kibertəhlükəsizliyə giriş”, “İnsidentlərin idarə olunması və cavab tədbirləri”, “Nüfuzetmə testləri”, “Veb-aplikasiyaların təhlükəsizliyi” modulları tədris olunur. Təlimin sonunda tələbələr qrup layihəsi təqdim edirlər. Bu günədək tələbələr 13 layihə təqdim ediblər.
Tələbələr, həmçinin fərdi uğurlara imza atıblar. İlk məzunlardan olan Hüseyn Qəmbərov “World Skills Asia 2021” yarışmasında ölkəmizi təmsil edib və “Məlumat sızmasının qarşısının alınması” kateqoriyasında ən yaxşı nəticə göstərərək 3-cü yeri tutub. Bundan başqa, məzunların 60 faizi ölkənin müxtəlif strukturlarında kibertəhlükəsizlik sahəsində çalışaraq, bu sahənin möhkəmlənməsinə töhfə verirlər.

Texnologiya 2022-03-15 18:56:00